Məhkəmə qərarları › İş №3(055)-194/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-194/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-194/2024 08.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1991-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Saatlı rayonu Qara Nuru kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 528.1-ci maddələri ilə Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 08 aprel 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar olaraq Saatlı Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(055)-177/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bundan başqa, Şəxs Saatlı Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(055)- 935/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(055)-177/2023 saylı icra sənədinə əsasən ondan 3360 manat borc, 54 manat ödənilmiş dövlət rüsumu və 100 manat xidmət haqqı, cəmi 3514 manat alınaraq Zərərçəkmiş şəxs verilməlidir. O, həmin borcdan 300 manatı 2024-cü ilin yanvar ayına kimi, yanvar ayından sonra isə hissə-hissə 350 manat ödəmiş, lakin qalan borcu ödəmək iqtidarında deyildir. İcra məmuru dəfələrlə onu icra sənədinin tam icrası ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq borcunu maddi imkanı olmadığından tələbkara ödəməmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Bundan başqa, o, Saatlı Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(055)-935/2023 saylı icra sənədi üzrə olan borcundan heç bir ödəniş etməmişdir. Belə ki, hazırda özünə yeni iş tapmış və işlədiyi iş su kanallarının betonlaşmasından ibarətdir. Ona hər iki icra sənədi üzrə ödəniş etmək üçün vaxt verilərsə aldığı əmək haqqı ilə borclarını hissə-hissə ödəyib qurtarar. Lakin, icra məmuru tərəfindən icra sənədinin tam icrası ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam ödəmək iqtidarında deyildir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(055)-177/2023 saylı icra sənədinə əsasən ondan 3360 manat borc, 54 manat ödənilmiş dövlət rüsumu və 100 manat xidmət haqqı, cəmi 3514 manat məbləğində pul Şəxs alınaraq ona verilməlidir. Lakin, Şəxs icra sənədinin verilməsindən bir il yarıma yaxın müddət ərzində ona olan borcdan cəmi 650 manat ödəmiş, qalan borcu hər dəfə müxtəlif bəhanələr gətirərək ödəməmişdir. Ona görə də, Şəxs tərəfindən qalan borcun hissə-hissə ödənilməsi ilə razılaşmır və borcun tam ödənilməsini tələb edir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan olunmuş Saatlı Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(055)-1280/2023 saylı inzibati xəta haqqınnda iş üzrə qərarından görünür ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(055)-177/2023 saylı icra sənədi üzrə ümumilikdə 3214 manat borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 528.1ci maddələrində nəzərdə tutulmuş xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar olaraq Saatlı Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(055)-177/2023 saylı icra sənədinin icrası ilə bağlı və eyni zamanda Saatlı Rayon Məhkəməsinin 12 sentyabr 2023cü il tarixli, 2(055)-935/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətalrın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunan maddələrin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən halların olmamasını, xətaların xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini və sair bu kimi digər halları nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan inzibati həbsin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni iki ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1-1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 08 aprel 2024-cü il tarixdən saat 17:55 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar