Məhkəmə qərarları › İş №3(055)-237/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-237/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-237/2025 24.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Mən, Saatlı Rayon Məhkəməsinin hakimi Qasımov Vüqar İnqilab oğlu, Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyət Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mil-Muğan regional şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 03 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən hazıra qədər işçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsində nəzərdə tutulmuş qaydalar pozularaq istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanma təmin edilməmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş məlumatlar göstərilmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında materialı nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, Şəxs MMC barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mil- Muğan regional şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 03 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti. Həmin Məcəllənin 127-4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. İş materiallarından görünür ki, İXM-nin 127-4.1-ci maddəsinin tələblərinə əsasən elektron sənəd şəklində hüquqi şəxs barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunmalı olduğu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən bu qaydaya riayət edilməmişdir. Həmçinin, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmiş, sadəcə hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozulduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlirəm ki, qeyd olunan hallar təqdim edilmiş materialların natamam olmasına dəlalət edir ki, bu hal da inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mil-Muğan regional şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Şəxs Məhdud Məsuliyyət Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 03 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli haqqında protokol və ona əlavə edilmiş sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mil-Muğan regional şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar