Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-239/2024 24.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 11 aprel 2024-cü il tarixli, TP6408361 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 11 aprel 2024-cü il tarixli, TP6408361 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in Sabunçu RPİnin DYPŞ tərəfindən qəbul edilmiş 11 aprel 2024-cü il tarixli, TP6408361 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək izahatında göstərdi ki, 11 aprel 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Mehdi Hüseynzadə(Maştağa), 53 adlanan ərazidə «CHANGAN CS75 PLUS» markalı, 77AD575 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən işıqforun yaşıl işığında yol ayrıcına daxil olmuş, yol ayrıcına daxil olub hərəkəti davam etdirdikdən sonra işıqforun sarı işığı yanmış, o isə yol ayrıcını boşaltmaq üçün hərəkətini davam etdirmişdir. Lakin buna baxmayaraq Sabunçu RPİ-nin DYPŞ-nin YPX inspektoru X3 onun barəsində qanunsuz olaraq İXM-nin 327.2-ci maddəsi ilə 11 aprel 2024-cü il tarixli, TP6408361 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 80 manat cərimə etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 11 aprel 2024-cü il tarixli, TP6408361 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin DYPŞ məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması, eləcə də şikayətə dair mülahizə və vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin DYPŞ-nin YPX inspektoru X3 tərəfindən qəbul edilmiş 11 aprel 2024-cü il tarixli, TP6408361 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçini dinləyib, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinin məqsədləri baxımından sübutetmə yükü nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də ki məhkəmənin üzərinə düşür. Bu vəzifə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Lakin şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının iki dəfə təxirə salınmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan məhkəmə iclasında nəinki öz nümayəndəsinin iştirakını təmin etməmiş, zəruri sübutları da məhkəməyə təqdim etməmişdir. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, belə olan halda X2 hazırki inzibati xətanın törədilməsində təqsirli olmasında mövcud olan şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək və qeyd olunan qanunvericilik aktlarına əsaslanaraq hesab edir ki, şikayət təmin olunmaqla X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 11 aprel 2024-cü il tarixli, TP6408361 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 75, 84, 114, 128-131 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 11 aprel 2024-cü il tarixli, TP6408361 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-239/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-239/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver