Məhkəmə qərarları › İş №3(055)-248/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-248/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-248/2025 05.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 14 yanvar 2025-ci il tarixli, İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs tərəfindən İXP ******* nömrəli protokol üzrə 18 sentyabr 2024-cü il tarixdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin dispozisiyasına görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göründüyü kimi, şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibinin yaranması üçün onun barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar barədə şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalı, daha sonra həmin qərar qanuni qüvvəsini aldıqdan sonra 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməzsə barəsində inzibati xəta haqqında protokol tərtib edilməlidir. Hazırki iş materiallarına İXP ******* nömrəli protokol üzrə 18 sentyabr 2024-cü il tarixdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarın qanunvericilikdə nəzərdə tutulmuş qaydada (İXM-nin 138-ci maddəsi) qanuni qüvvəyə minməsi barədə heç bir sübut əlavə edilməmişdir. Bundan başqa, şəxsin inzibati cərimə olunması haqqında qərar barədə məlumatlandırılmasına dair sübutlar da iş materiallarına əlavə olunmamışdır. Ona görə də, hazırki iş materiallarında olan sənədlərlə sözügedən inzibati tənbeh tətbiq etmə haqqında qərarın nə vaxt qanuni qüvvəyə minməsini, həmçinin də, İXM-nin 529.3-cü maddəsində qeyd edilən 3 aylıq müddətin nə vaxtdan hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilmiş və natamam şəkildə məhkəməyə verilmiş hesab olunur. Qeyd olunan çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılarkən tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında 14 yanvar 2025-ci il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında 14 yanvar 2025-ci il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar