Məhkəmə qərarları › İş №3(055)-261/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-261/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-261/2025 12.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Saatlı rayonu Azadkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 12 mart 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 02 yanvar 2025-ci il tarixdə Saatlı rayonu Azadkənd kəndində Zərərçəkmiş şəxs2 və onun arvadı Zərərçəkmiş şəxs1 qəsdən döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X3 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 02 yanvar 2025-ci il tarixdə Saatlı rayonu Azadkənd kəndində yaşayan Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs1 döymüşdür. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərar Saatlı RPŞ-nin İTB-nə göndərilmişdir. Qərar əsasında onun tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Saatlı rayonu Azadkənd kəndində yaşayır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun qonşularıdır. 02 yanvar 2025-ci il tarixdə günorta saatlarında bağçaya su açmaq üçün Maqsudun həyətinə daxil olmuşdur. Bu zaman Maqsud ona yaxınlaşıb irad tutmuşdur ki, onların həyətinə girməsin. Bu zaman onların yanına Maqsudun arvadı Sevda gəlmiş və ucadan qışqıraraq onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman aralarında dava-dalaş olmamışdır. Lakin Sevda iki dəfə əlinə beli götürüb onu vuracağını desə də, onu vurmamışdır. Hadisə zamanı aralarında sözlə mübahisə olmuşdur. O, Maqsudu və Sevdanı vurmamışdır. Mübahisə zamanı Sevdanı itələyib yerə yıxmamışdır. Sonda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Saatlı rayonu Azadkənd kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində qonşusu Şəxs yaşadığı ünvana gələrək ona, “suyu nə üçün açmısan, mən bağçanı suvarıram” demişdir. O, Savadxana “su kanalı mənimdi mənim həyətimdədi bağlayıram özüm bilərəm” demişdir. Bunun üstündə aralarında mübahisə yaranmış, Savadxan onun üstünə cumaraq sifət və göz nahiyəsinə yumruqla vuraraq döymüşdür. Bu vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs1 gələrək onları aralaşdırmışdır. Bu vaxt Savadxan Sevdanın sinə nahiyyəsinə yumurqla vuraraq döymüşdür. Bundan sonra Savadxan onu və ailə üzvlərini söyüb təhqir etmişdir. Sevda onu yaşadığı evə aparmışdır ki, münaqişə sakitləşsin. Bundan sonra Savadxan yaşadığı ünvana çıxıb getmişdir. Həyat yoldaşı Sevda həmçinin onun döyülməyi barədə Saatlı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Şəxs ilə barışmamışdır. Ona inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs ilə barışmamışdır. Ona inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. İş materiallarına əlavə olunmuş 21 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 15 yanvar 2025-ci il tarixli 08 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol döşün yuxarı bayır kvadrantında, sol sağrının yuxarı bayır kvadrantında qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 15 yanvar 2025-ci il tarixli 09 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol yanaq proyeksiyasında qançır küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçü dərəcəsi təyin edilmir. Xəsarət müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatları, ekspert rəyləri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar