Məhkəmə qərarları › İş №3(055)-281/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-281/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-281/2025 02.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hətəmova (Xəlilova) Həvva Ədalət qızının iştirakı ilə, xx xxxxx 1994-cü ildə Saatlı rayonunun Sarıcalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonunun Sarıcalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Hətəmova (Xəlilova) Həvva Ədalət qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 02 aprel 2025-ci il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hətəmova (Xəlilova) X4 Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(055)-16/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(055)-16/2023 saylı icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs 01 iyul 2015-ci il tarixdə anadan olmuş X3 ilə ünsiyyət hüququ hər həftənin şənbə, bazar günləri, doğum günü, yeni il, Novruz, Ramazan və Qurban byramlarında saat 10:00-dan 17:00-dək təmin edilməsi qət edilmişdir. O, dəfələrlə həmin icra sənədinin icrasını Hətəmova (Xəlilova) Həvva Ədalət qızından tələb etsə də borclu icra sənədini icra etməmişdir. Odur ki, Hətəmova (Xəlilova) Həvva Ədalət qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hətəmova (Xəlilova) Həvva Ədalət qızı izahat verərək göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(055)-16/2023 saylı icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs 01 iyul 2015-ci il tarixdə anadan olmuş X3 ilə ünsiyyət hüququ hər həftənin şənbə, bazar günləri, doğum günü, yeni il, Novruz, Ramazan və Qurban byramlarında saat 10:00-dan 17:00-dək müəyyən edilmişdir. O, tələbkara uşağı ilə ünsiyyət yaratmağa həmişə, o cümlədən hazırda da razıdır, tələbkara uşağı ilə ünsiyyət yaratmağa heç vaxt mane olmamışdır. Lakin uşaq özü atası ilə ünsiyyətə o qədər də meyilli deyil. Odur ki, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(055)-16/2023 saylı icra sənədinə əsasən onun 01 iyul 2015-ci il tarixdə anadan olmuş X3 ilə ünsiyyət hüququ hər həftənin şənbə, bazar günləri, doğum günü, yeni il, Novruz, Ramazan və Qurban byramlarında saat 10:00-dan 17:00-dək müəyyən edilmişdir. Borclu ona uşağı ilə görüşməsinə lazımi qaydada şərait yaratmır və hazırda da borclu ona uşağı ilə ünsiyyət yaratmağa mane olur. Uşaq psixoloq tərəfindən də müayinə olunmuş və anasının təsiri altında olması müəyyən olunmuşdur. Ona görə də, borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Hətəmova (Xəlilova) Həvva Ədalət qızının barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hətəmova (Xəlilova) Həvva Ədalət qızı tərəfindən tələbkarın uşağı ilə ünsiyyətə mane olması halları öz təsdiqini tapmamış, əksinə borclu Hətəmova (Xəlilova) Həvva Ədalət qızının tələbkar Zərərçəkmiş şəxs istənilən vaxt uşaqla ünsiyyətdə olmağa şərait yaratmağa hazır olduğu müəyyən edilmişdir. İşin müəyyən olunan bu halı artıq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti ilə uzlaşmır. Bundan başqa, icra sənədində göstərilmədiyi halda tələbkarın uşağı görüş üçün məhz Saatlı şəhərinə gətirməyi borcludan tələb etməsi və borclunun bunu etməməsi icra sənədinin icrasından yayınma hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hətəmova (Xəlilova) Həvva Ədalət qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Hətəmova (Xəlilova) Həvva Ədalət qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar