Məhkəmə qərarları › İş №3(055)-293/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-293/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-293/2024 07.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərər çəkmiş şəxs X3 iştirakı ilə xx xxxx 1991-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı şəhəri Nəsimi küçəsi 10-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 07 may 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(055)-1049/2023 saylı icra sənədinə əsasən 824,70 manat borcu və Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(055)- 1565/2021 saylı icra sənədinə əsasən 1788,40 manat borcu ödəməkdən yayınaraq icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(055)-1049/2023 saylı icra sənədinə əsasən X4 824,70 manat borcu və Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(055)-1565/2021 saylı icra sənədinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1788,40 manat borcu vardır. Saatlı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(055)-1049/2023 saylı icra sənədinin icrası ilə əlaqədar 2024-cü ilin fevral ayında icra şöbəsində olarkən X4 hər ay 100-150 manat ödəniş edəcəyinə söz versə də, maddi vəziyyəti yaxşı olmadığından, ikinci dəfə ailə qurduğundan və hazırkı ailəsi ilə yanaşı, həmçinin birinci evliliyindən olan uşağının saxlanması üçün də ödəniş etdiyindən, əmək haqqı isə gec verildiyindən həmin borcu tam şəkildə indiyədək ödəyə bilməmişdir. X1 anasının pensiyasından hissə-hissə ödəniş etməyi təklif etsə də, tələbkar bunu qəbul etməmiş, borcun tam şəkildə ödənilməsini tələb etmiş və onu təhdid etmişdir. Odur ki, icra məmurunun qanuni tələblərinə əməl edə bilməməsinin səbəbi maddi vəziyyətinin ağır olmasıdır. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(055)-1049/2023 saylı icra sənədinə əsasən Şəxs ona 824,70 manat borcu vardır. Şəxs axrıncı dəfə 2024-cü ilin fevral ayında borcundan 100 manat ödəniş etmiş, o da icra şöbəsinə ərizə təqdim edərək hər ay 100- 150 manat ödəniş edilməsinə razı olduğunu bildirmişdir. Lakin Şəxs bir ildir ki, borcunu tam şəkildə ödəmir və müxtəlif bəhanələrlə onu aldadır. Onun banka borcu və xəstə uşağı vardır. Pula ehtiyacı olduğu üçün borcludan tam şəkildə borcun ödənilməsini tələb edir. O, Şəxs borcunu ödəməsini tələb etmiş, Fərid isə hər dəfə özünü öldürəcəyini demiş və borcun ödənilməsindən yayınmışdır. Onun Fəridi təhdid etməsi yalandır. Şəxs anasının pensiyası ilə hissə-hissə borcun ödənilməsini təklif etsə də, o, buna razı deyil və borcun tam şəkildə ödənilməsini istəyir. Ona görə də icra sənədinin icrasını tam icra olunmasını tələb edir, əks halda isə Şəxs şikayətçidir və onun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(055)-1049/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 844,70 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 50 manat vəkil xidmət haqqı, cəmi 924 manat 70 qəpik pul alınaraq iddiaçı X4 verilməlidir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(055)- 1565/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 21 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 180 manat əsas borc, 18 manat cərimə, 23 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 124,20 manat əsas borc, 12 manat cərimə, 06 noyabr 2020-ci il tarixli müqavilə üzrə 600 manat əsas borc, 60 manat cərimə və 08 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 695,20 manat əsas borc, 69 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1788 manat 40 qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(055)-1049/2023 saylı icra sənədinə əsasən 824,70 manat borcu və Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(055)- 1565/2021 saylı icra sənədinə əsasən 1788,40 manat borcu ödəməkdən yayınaraq icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərər çəkmiş şəxslərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 07 may 2024-cü il tarixdən saat 16:10 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar