Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-297/2025 04.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Saatlı rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx xxxxxxxx 1974-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayon Mollavaizli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 04 aprel 2025-ci il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli, 2(055)-460/2013 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və hazırda üzərində ödənilməmiş 11631 manat borcu qalmışdır. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli, 2(055)-460/2013 saylı icra sənədi üzrə borclu Şəxs iki nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün 18 sentyabr 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat sabit pul məbləğində alimenti tələbkar X4 xeyrinə ödəməlidir. Həmin icra səndi üzrə məcburi icra tədbirləri aparılmaqla borclu Şəxs 3-cü qrup əlil kimi aldığı pensiyaya inkasso qoyulmaqla borclunun pensiyasından aliment tutularaq tələbkara ödənilmişdir. Lakin, borclunun aldığı pensiyanın ödənişi dayandırıldığı vaxtdan hazırki vaxtadək tələbkara 11631 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Sorğu əsasında alınmış Saatlı Rayon Mərkəzi Xəstəxanasının məktubu ilə müəyyən edilmişdir ki, borclu Şəxs 2001-ci ildən xəstəxananın poliklinika şöbəsində “Şizofreniya paranoid forma, psixi qüsur halı” diaqnozu ilə qeydiyyatdadır və mütamadi olaraq ambulator müalicə qəbul edir. Bununla əlaqədar məcburi icra tədbirləri davam etdirilməklə borclunun qeydiyyatda olduğu ünvanda əmlakına baxış keçirilmiş, heç bir əmlak aşkar olunmamış, borclu Şəxs çağrışlara gəlmədiyi üçün borclunun barəsində qəbul edilmiş məcburi gətirilmə qərarı icra olunması üçün Saatlı rayon Polis Şöbəsinə göndərilmiş, bu gün borclu saxlanılaraq Saatlı Rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş, lakin borclu Şəxs xəstəliyini və pensiyasının dayandırıldığını əsas gətirərək icra sənədi üzrə ödənilməmiş qalan 11631 manat aliment borcunu tələbkar X4 xeyrinə ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli, 2(055)-460/2013 saylı icra sənədinə əsasən iki nəfər uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün aldığı pensiyadan tələbkar X4 xeyrinə aliment ödəmişdir, lakin pensiyası dayandırıldığı andan alimenti tələbkara ödəyə bilməmişdir. Buna səbəb isə xəstəliyi ilə bağlı işləyə bilməməsi və maddi imkanının olmamasıdır. Lakin, buna baxmayaraq söz verir ki, təkrar tibbi müayinədən keçəcək və dayandırılmış pensiyası bərpa edildikdən sonra qalan aliment borcunu tələbkara ödəməyə davam edəcək, icra məmurunun qanuni tələblərini yerinə yetirəcəkdir. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. X1 göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Saatlı Rayon Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli, 2(055)-460/2013 saylı icra sənədinin icrasını pensiyasından ödməklə yerinə yetirmiş, icra sənədi üzrə qalan borcunu ödəyə bilməməsi isə pensiyasının dayandırılması və başqa qazanc yerinin olmaması ilə bağlı olmuşdur. Belə ki, iş materiallarında olan Saatlı Rayon Mərkəzi Xəstəxanasının məktubunda qeyd olunmuşdur ki, Şəxs 2001-ci ildən xəstəxananın poliklinika şöbəsində “Şizofreniya paranoid forma, psixi qüsur halı” diaqnozu ilə qeydiyyatdadır və mütamadi olaraq ambulator müalicə qəbul edir. Buradan görünür ki, borclunun bu xəstəliklə rəsmi olaraq əmək müqaviləsi əsasında işləməsi mümkün deyildir. Ona görə də, borclu Şəxs tərəfindən icra sənədinin icrasını qərəzli olaraq yerinə yetirilməməsi və icra sənədinin icrasından yayınması halı məhkəmədə təsdiqini tapmadığından hazırki inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Saatlı Rayon Mərkəzi Xəstəxanasının 09 sentyabr 2024-cü il tarixli, 18-1-65/2-H-461-42-431/2024 saylı məktubundan da görünür ki, 1974-cü il təvəllüdlü Şəxs 2001-ci ildən xəstəxananın poliklinika şöbəsində “Şizofreniya paranoid forma, psixi qüsur halı” diaqnozu ilə qeydiyyatdadır və mütamadi olaraq ambulator müalicə qəbul edir. İş materiallarında olan 03 mart 2025-ci il tarixli aktdan görünür ki, Saatlı Rayon Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli, 2(055)-460/2013 saylı icra sənədinin icrası ilə bağlı borclu Şəxs əmlakına baxış keçirilmiş və heç bir əmlak aşkar olunmamışdır. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli, 2(055)-460/2013 saylı icra sənədi üzrə hər ay ödəməli olduğu aliment borcunu pensiyasından ödəmişdir, lakin pensiyası dayandırıldıqdan sonra alimenti ödəyə bilməməsinin səbəbi onun “Şizofreniya paranoid forma, psixi qüsur halı” diaqnozlu xəstəliyi ilə bağlı mütamadi olaraq ambulator müalicəyə ehtiyacının olması və həmin xəstəliyə görə rəsmi olaraq əmək müqaviləsi əsasında işləyə bilməməsi olmuşdur. Xəstəliyi ilə bağlı təkrar müayinədən keçdikdən sonra pensiyası bərpa olunan andan alimenti ödəyəcəyinə söz verərək, icra məmurunun qanuni tələblərini yerinə yetirəcəkdir. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-297/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-297/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver