Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-298/2024 20.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 02 may 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Saatlı rayonu Qıraqlı kəndi ərazisində yerləşən “Maşın hamamı, avtoyuma” obyekti üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Saatlı rayonu Qıraqlı kəndi ərazisində yerləşən “Maşın hamamı, avtoyuma” obyekti ona deyil, anasına məxsusdur. Lakin həmin obyekt ona məxsus olmasa da, keçən il olduğu kimi bu il də onun barəsində əsassız olaraq protokol tərtib edilmişdir. O, dörd ildir ki, vergi ödəyicisi kimi fəaliyyətini dayandırmışdır. Hazırda Bakı şəhərində işləyir və protokolda göstərilən obyektin fəaliyyəti ilə əlaqəli deyildir. Protokolda göstərilən obyekt həyətyanı sahədə yerləşir və onun dövlət qeydiyyatı barədə çıxarış alınmamışdır, lakin həmin obyektin anasına məxsus olması ilə bağlı hüquqi sənədlər vardır. Ona məlumdur ki, həmin obyekt üzərində qanunsuz hər hansı reklam yerləşdirilməmiş və obyektin mülkiyyətçisi olan anası ilə reklam şirkəti arasında heç bir müqavilə bağlanmamışdır. O, bir neçə dəfə X5 İdarəsi ilə əlaqə saxlamış və “Maşın hamamı, avtoyuma” obyektinin ona məxsus olmadığını, barəsində əsassız olaraq protokol tərtib edildiyini bildirmiş, lakin bunun heç bir faydası olmamışdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 02 may 2024-cü il tarixli 47 saylı baxış aktından, açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə 000436 saylı aktdan və foto şəkildən görünür ki, Saatlı rayonu Qıraqlı kəndində yerləşən “Maşın hamamı, avtoyuma” obyekti üzərində açıq məkanda reklam yerləşdirilmişdir. İş materiallarında olan 02 may 2024-cü il tarixli 46 saylı aktdan görünür ki, Saatlı rayonu Qıraqlı kəndində yerləşən “Maşın hamamı, avtoyuma” obyektinə baxış keçirilmiş və protokol tərtib edilmişdir. İş materiallarında olan 000236 saylı yazılı göstərişdən və 28 mart 2024-cü il tarixli bildirişdən görünür ki, Saatlı rayonu Qıraqlı kəndində yerləşən “Maşın hamamı, avtoyuma” obyekti üzərində açıq məkanda reklam yerləşdirməsi ilə bağlı X5 İdarəsi tərəfindən Şəxs xəbərdarlıq edilərək açıq məkanda reklam yerləşdirilməsi halının 5 iş günü ərzində aradan qaldırılması tələb edilmişdir. İş materiallarına əlavə edilmiş Saatlı rayonu Qıraqlı kənd sakini X1 fəaliyyəti ilə məşğul olmaq üçün Qıraqlı kəni ərazisində fərdi həyətyanı torpaq sahəsində tikəcəyi avtomobil yuyucu sexinin eskiz layihəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Saatlı rayonu Qıraqlı kəndində yerləşən “Maşın hamamı, avtoyuma” obyekti X3 məxsusdur. İş materiallarına əlavə edilmiş 5 saylı Ərazi Vergilər İdarəsinin arayışından görünür ki, 20 aprel 2020-ci il tarixdən 20 aprel 2025-ci il tarixədək vergi ödəyicisi olan Şəxs (VÖEN: **********) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanlardan görünür ki, inzibati xəta haqqında 02 may 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmiş Saatlı rayonu Qıraqlı kəndi ərazisində yerləşən “Maşın hamamı, avtoyuma” obyekti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs deyil, X3 məxsusdur və Şəxs barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-298/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-298/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver