Məhkəmə qərarları › İş №3(055)-299/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-299/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-299/2023 16.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 27 fevral 2023-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Günay lazer epilyasiya” obyekti üzərində 22 dekabr 2022-ci il tarixdən hazırki vaxtadək müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə göstərdi ki, Saatlı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Günay lazer epilyasiya” obyekti Salman adlı şəxsə məxsus olmuş, həmin obyekti əvvəllər icarə müqaviləsi əsasında işlətmiş, sonralar obyekti bağlayaraq Bakı şəhərinə getmişdir. Əlavə olaraq bildirir ki, həmin obyekti icarə müqaviləsi əsasında işlədiyi müddətdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, X5 İdarəsində müvafiq icazə alaraq reklam yayımlamışdır. O, 30 avqust 2021-ci il tarixli ərizə ilə 5 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək fəaliyyətini rəsmi şəkildə dayandırmışdır. Hal-hazırda o həmin obyektdə işləmir və obyektin üzərinə yerləşdirilmiş reklam lövhələrindən məlumatı yoxdur. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, Saatlı şəhəri, H.Əliyev prospektində özünə məxsus olan obyekti var və həmin obyekt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər icarə müqaviləsi əsasında işlətdiyi “Günay lazer epilyasiya” obyektinin yanında yerləşir. Hər gün özünə məxsus olan obyektə gəlib-getdiyi üçün dəqiqliklə bilir ki, Şəxs “Günay lazer epilyasiya” obyektini uzun müddətdir ki, işlətmir. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, X5 İdarəsinin işçiləri həmin obyektə baxış keçirərkən ondan “Günay lazer epilyasiya” obyektinin işləyibişləməməsini soruşmuş, o da həmin obyektin uzun müddətdir ki, işləmədiyini bildirmişdir. İş materiallarında olan inzibati xəta haqqında 19 sentyabr 2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs həmin protoklu imzalamamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 5 saylı Ərazi Vergilər İdarəsinin məktubundan görünür ki, Şəxs 30 avqust 2021-ci il tarixli ərizəsinə əsasən onun fəaliyyətinin 30 avqust 2021-ci il tarixdən 30 avqust 2026-cı il tarixədək dayandırılması təmin edilmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğində cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar