Məhkəmə qərarları › İş №3(055)-3/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-3/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-3/2025 27.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 18 dekabr 2024-cü il tarixli EP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 22800 ABŞ dolları məbləğində vəsaiti 23 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 22800 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 24 noyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və inzibati xəta haqqında protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Odur ki, məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında nümayəndəsi iştirak etməsə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək göstərmişdir ki, 27 oktyabr 2022-ci il tarixli, 7 saylı mal alqı-satqısı barədə müqavilə və xx.xx.2022-ci il tarixli 22-TEO/123 saylı malın daşınması üçün iki tərəf arasında bağlanmış müqaviləyə əsasən Belarus Respublikasının Qomel Meşə Təsərrüfatı zavodundan 32486 ABŞ dolları dəyərində oduncaq materialı alınmış və dəyəri ödənilmişdir. 28800 ABŞ dolları yol xərci üçün nəzərdə tutulmuşdur. Həmin məbləğin 22800 ABŞ dolları müqavilə şərtlərinə uyğun olaraq əvvəlcədən ödənilmişdir. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 22800 ABŞ dolları müvafiq müqavilə əsasında yük daşıma xərci olaraq qabaqcadan xaricə köçürülmüşdür. Məhkəmə işdə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasına görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin xətaya görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə olunur. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli, 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materialları araşdırılan zaman müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əvvəlcədən, yəni 23 noyabr 2022-ci il tarixdə xaricə köçürülmüş 22800 ABŞ dolları malların alınması üçün deyil, müvafiq malların daşınması məqsədilə yol xərci üçün əvvəlcədən ödənilmiş məbləğ olmuşdur. Malların alınması üçün 32486 ABŞ dolları ödənilmiş və müvafiq mallar da ölkəyə gətirilmişdir.Ona görə də, hazırkı halda AMM” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi yaranmır və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında tərtib edilmiş protokol əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkəbi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi mövcud olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar