Məhkəmə qərarları › İş №3(055)-307/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-307/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-307/2024 13.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Protokol tərtib etmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 12 may 2024-cü il tarixdə yaşadığı Saatlı şəhəri, M,Hüseynov küçəsində ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 12 may 2024-cü il tarixli, MN № ******* protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş X8 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. 12 may 2024-cü il tarixdə polis əməkdaşları Şəxs RPŞ-yə dəvət edərkən sonuncu polisin xidməti fəaliyyətinə maneçilik törətmiş, ünvansız nalayiq söyüşlər söymüş, polis əməkdaşları onu polis şöbəsinə dəvət edərkən onların qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı rayon Polis Şöbəsinin əməkdaşları raportla Saatlı rayon Polis Şöbəsinə müraciət etmiş və tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki,12 may 2024-cü il tarixdə Saatlı rayonunun Mərkəzi Bazar adlanan hissəsində idarə etdiyi “VAZ 21099” markalı, M769 TK 72 RUS dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol nişanlarının tələblərini pozduğu və yüksək səslə musiqiyə qulaq asdığı üçün Saatlı RPŞ DYPB YPX-nin həmin ərazidə xidmətdə olan əməkdaşı saxla işarəsi vermiş, lakin o, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq həmin yerdən uzaqlaşmışdır. Avtomobili idarə edərək yaşadığı Saatlı şəhəri, Ə.Hüseynov küçəsi, ev 3 ünvanına getmiş, oraya gələn polis əməkdaşları onu RPŞ-yə dəvət etmişlər. Həmin vaxt ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. X1 izahatında göstərdi ki, Saatlı Rayon Polis Şöbəsində DYPB yol-patrul xidməti inspektoru vəzifəsində işləyir. 12 may 2024-cü il tarixdə o, Saatlı şəhəri ərazisində xidmətdə olarkən Saatlı rayonunun Mərkəzi Bazar adlanan hissəsində “VAZ 21099” markalı, M769 TK 72 RUS dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol nişanlarının tələblərini pozaraq avtomobili yüksək sürətlə idarə etdiyi və yüksək səslə musiqiyə qulaq asdığı üçün saxla işarəsi vermiş, lakin həmin avtomobillin sürücüsü polisin qanuni tələbinə qəsdən tabe olmayaraq həmin yerdən uzaqlaşmışdır. Bu barədə Saatlı RPŞnin əməliyyat-istintaq qrupunun üzvlərinə, həmçinin RPŞ-nin PPXB-nin əməkdaşlarına məlumat vermişdir. Sonradan həmin şəxsin Saatlı şəhəri, Ə.Hüseynov küçəsi, ev 3 ünvanında yaşayan Şəxs olması məlum olmuşdur. Şəxs RPŞyə dəvət edərkən sonuncu polisin xidməti fəaliyyətinə maneçilik etmiş, ünvansız nalayiq söyüşlər söymüş, qəsdən tabeçilik göstərməmişdir. Şəxs məcburi qaydada rayon polis şöbəsinə gətirmişlər. X2 digər X1nun izahatına uyğun izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXMin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 12 may 2024-cü il tarixdən saat 03:15 dəqiqədə inzibati qaydada həbs olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs barəsində olan həbs etmənin əvvəli tutulduğu gündən, yəni 12 may 2024-cü il tarixdən saat 03:15 dəqiqədən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 12 may 2024-cü il tarixdən saat 03:15 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar