Məhkəmə qərarları › İş №3(055)-313/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-313/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-313/2024 16.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1987-ci il tarixdə Saatlı rayonu Qarayevkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Saatlı rayonu Qarayevkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 16 may 2024-cü il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Saatlı Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(055)-619/2023 saylı və Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(012)-4324/2018 saylı icra vərəqələrinə əsasən Şəxs hazırkı vaxtadək 18288 manat borcun ödənilməsindən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(012)-4324/2018 saylı icra vərəqəsi üzrə ondan hər ay alimentin alınıb tələbkar X3 ödənilməsi müəyyən edilmişdir, lakin tələbkar Günel Zülfüqarova onun barəsində cinayət işinə baxılan zaman aliment istəmədiyini bildirmişdir və buna görə də o, həmin icra sənədi üzrə alimenti ödəmir. Günel Zülfüqarova ilə aliment istəməməsi ilə bağlı icra şöbəsinə gələrək ərizə verməsi üçün əlaqə saxlamağa çalışmış, lakin onun telefonuna zəng çatmamışdır. Saatlı Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(055)-619/2023 saylı icra sənədi üzrə isə həbsdən çıxdıqdan dərhal sonra müxtəlif vaxtlarda ödənişlər etmişdir, son 5 ayda isə davamlı olaraq hər ay 400 manat ödəniş etmişdir. Bundan sonra qalan aliment borcunu hissə-hissə ödəyəcəyinə və icra məmurunun qanuni tələblərini vaxtında yerinə yetirərək məhkəmə qətnaməsi ilə təyin olunmuş alimenti hər ay tələbkara ödəyəcəyinə söz verir. Ona görə də məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(055)-619/2023 saylı icra sənədinə əsasən Şəxs iki uşağının saxlanması üçün aliment ödəməlidir. Lakin Şəxs həmin icra sənədi üzrə aliment borcu yaranmışdır. Şəxs həbsdən çıxdıqdan sonra müxtəlif vaxtlarda ödənişlər etmişdir. O, 5-6 ay əvvəl icra məmuruna müraciət edərək uşaqların xərcləri artdığı üçün Şəxs hər ay aliment məbləğinin, əlavə olaraq isə 200 manat olmaqla, hissə-hissə borcundan ödəməsini tələb etmişdir. Son 5 aydır ki, Şəxs icra sənədi üzrə alimenti davamlı olaraq ödəyir, lakin yaranmış aliment borcunu hazırkı vaxtadək tam ödəməmişdir. O, hazırda Bakı şəhərində kirayə qalır və heç bir yerdə işləmir. Xəstəlikdən əziyyət çəkir və əlavə heç bir gəliri olmadığından təkbaşına uşaqları saxlamaqda çətinlik çəkir. Ona görə də Saatlı Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(055)-619/2023 saylı icra sənədi üzrə yaranmış borcun Şəxs tərəfindən ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Saatlı Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(055)-619/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 27 mart 2023-cü il tarixli, MŞB/2-2390/2023 saylı, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün maraqlı şəxs Şəxs hər ay hər uşaq üçün 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi barədə barışıq sazişi təsdiq edilməlidir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(012)-4324/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs xx.xx.2015-ci il təvəllüdlü Əkbər adlı oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hər ay 154 manat məbləğində sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş Saatlı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(055)-31/2022 saylı hökmünün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs xeyrinə 21 dekabr 2023-cü il tarixdə 40 manat, 24 dekabr 2023-cü il tarixdə 60 manat, 26 dekabr 2023-cü il tarixdə 50 manat, 29 dekabr 2023-cü il tarixdə 90 manat, 06 yanvar 2024-cü il tarixdə 70 manat, 11 yanvar 2024-cü il tarixdə 75 manat, 17 yanvar 2024-cü il tarixdə 40 manat, 22 yanvar 2024-cü il tarixdə 140 manat, 29 yanvar 2024-cü il tarixdə 40 manat, 31 yanvar 2024-cü il tarixdə 50 manat, 10 fevral 2024-cü il tarixdə 60 manat, 17 fevral 2024-cü il tarixdə 60 manat, 26 fevral 2024-cü il tarixdə 120 manat, 28 fevral 2024-cü il tarixdə 180 manat, 13 mart 2024-cü il tarixdə 200 manat, 29 mart 2024-cü il tarixdə 90 manat, 30 mart 2024-cü il tarixdə 70 manat, 31 mart 2024-cü il tarixdə 50 manat, 07 aprel 2024-cü il tarixdə 70 manat, 12 aprel 2024-cü il tarixdə 100 manat, 26 aprel 2024-cü il tarixdə 30 manat, 06 may 2024-cü il tarixdə 250 manat, 07 may 2024-cü il tarixdə 80 manat aliment ödəmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(055)-619/2023 saylı icra sənədi üzrə aliment borcundan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar