Məhkəmə qərarları › İş №3(055)-348/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-348/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-348/2023 13.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs X2 iştirakı ilə 07 avqust 2000-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Saatlı rayonu Soltanabad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 13 mart 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 31 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Saatlı rayonu Soltanabad kəndində yerləşən fərdi yaşayış evində faktiki nikahda olduğu X4 ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu yumruqla qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Saatlı rayonu Soltanabad kəndində yaşayır. Zərər çəkmiş şəxs X4 ilə altı aydır ailə həyatı qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. 31 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Saatlı rayonu Soltanabad kəndində yerləşən fərdi yaşayış evinə gəlmiş, həmin vaxt X4 onunla mübahisə etməyə başlamış, o da arvadının baş nahiyəsinə sillə vurmuşdur. Bundan sonra X4 evdən çıxıb Saatlı rayonu Qara Nuru kəndində yaşayan atasının evinə getmişdir. Hal-hazırda X4 ilə barışmaq istəsə də qaynatasının və arvadının bibisinin müdaxiləsi səbəbindən Elmira onunla barışmamışdır. Ona görə də, göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 göstərdi ki, təxminən altı aydır ki, Saatlı rayonu Soltanabad kənd sakini Şəxs ilə ailə həyatı qurmuş, lakin ərinin təqsiri üzündən nikahlarını rəsmiləşdirməmişlər. Şəxs demək olar ki hər gün evə sərxoş halda gəlmiş və onunla əsası olmayan mübahisələr edərək döymüşdür. O, yeni ailə həyatı qurmalarını düşünüb ailəsini dağıtmaq istəməmişdir. Lakin sonuncu dəfə yəni, 31 yanvar 2023-cü il tarixdə gecə saat 23 radələrində Fəhmin yenə də sərxoş vəziyətdə evə gəlmiş, heç bir təqsiri olmadığı halda onunla mübahisə edərək yumruqla boyununa və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt o, Fəhminin sərxoş və aqressiv olmasından qoraxaraq ər evindən çıxmış və tanımadığı iki nəfər əmisi yaşlı kişilərin köməkliyi ilə Qara Nuru kəndində yaşayan atasının evinə gəlmişdir. Bundan sonra Şəxs bir yerdə yaşamağın mümkün olmamasını görüb Fəhminin etmiş olduğu qanunsuz hərəkətlər barədə polisə şikayət etmişdir. Hal-hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin Sabirabad rayon şöbəsinin 06 fevral 2023-cü il tarixli 22 saylı rəyindən görünür ki, X1 təpə-alın nahiyəsində, sağ bazunun orta 1/3-də iç səthdə, sağ saidin yuxarı 1/3-də bayır səthdə qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 31 yanvar 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 16 fevral 2023-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Saatlı rayon polis şöbəsinin 13 mart 2023-cü il tarixli, 102/2- 4875 saylı arayışından görünür ki, Saatlı rayonu Soltanabad kəndində yaşayan Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 31 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Saatlı rayonu Soltanabad kəndində yerləşən fərdi yaşayış evində faktiki nikahda olduğu X4 ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu yumruqla qəsdən döyərək fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün qismən etirafı və zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni iki ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 13 mart 2023-cü il tarixdən saat 13:00 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar