Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-352/2025 04.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin (bundan sonra – AR DİN BDYPİ) xx.xx.2025-ci il tarixli, EQ/27827663 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ/27827663 saylı qərarının ləğv edilməsi və barəsində aparılan inzibati xətalara dair iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli, EQ/27827663 saylı qərarla Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə 400 manat cərimə olunmuşdur. Bildirir ki, sürücülük hüququ məhdudlaşdırıldığı vaxtdan nəqliyyat vasitəsini idarə etmir. Əvvəllər etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsini inzibati xəta aşkar edildiyi vaxt atası X6 idarə etmişdir. İnzibati cərimə barədə mesajı aldıqdan dərhal sonra bu barədə atasına məlumat vermişdir. Atası da öz növbəsində dərhal BDYPİ-nə elektron qaydada məktubla müraciət etmişdir. Daha sonra o, özü də BDYPİ-nə elektron qaydada məktubla müraciət etmişdir. Lakin bu günə kimi onlara heç bir cavab verilməmişdir. Məhkəmə iclasında X2 bildirmişdir ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə onun sürücülük hüququ məhdudlaşdırılmışdır. O vaxtdan da o, avtomobil idarə etməmişdir. xx.xx.2025-ci il tarixdə də, o avtomobil idarə etməmişdir. Həmin vaxt avtomobili atası X6 idarə etmişdir. Lakin atası ona avtomobili idarə etmək üçün etibarnamə verdiyindən, sonuncu etibarnamə verilən şəxs kimi cərimə ona yazılmışdır. Bir daha bildirir ki, “Mersedes Benz” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun tərəfindən deyil, məhz X6 tərəfindən idarə edilmişdir. Bu halı təsdiqləyən müvafiq sənədlər məhkəməyə hal-hazırda təqdim olunur. Odur ki o, şikayət ərizəsinin təmin olunmasını, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Mersedes Benz” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o, idarə etmişdir. Belə ki, o, həmin nəqliyyat vasitəsinin mülkiyyətçisidir, lakin oğlu Sənana avtomobil idarə etmək üçün etibarnamə vermişdir. İnzibati xəta törədilən vaxtı da, inzibati xəta elektron qaydad aşkar olunmuş və sonuncu etibarnamə verilmiş şəxs kimi Sənan inzibati tənbeh verilmişdir. Bildirir ki, Sənan Abdullayevin baş verən inzibati xəta ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin və şahidin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR DİN BDYPİ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixində, saat 11:24-də Saatlı rayonu H.Əliyev prospektində “Mersedes Benz” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda Sənan Abdullayevin avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 332.3-cü maddələri ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AR DİN BDYPİ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən X3 xx.xx.2025-ci il tarixində, saat 11:24-də Saatlı rayonu H.Əliyev prospektində “Mersedes Benz” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X5 izahatında bildirmişdir ki, barəsində AR DİN BDYPİ tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, xx.xx.2025-ci il tarixdə “Mersedes Benz” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun tərəfindən deyil, məhz X6 tərəfindən idarə edilmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində izahatı alınmış X8 Sənan Abdullayevin dediklərini təsdiqləyərək xx.xx.2025-ci il tarixdə Saatlı rayonu H.Əliyev prospektində inzibati xətanın törədilməsi zamanı “Mersedes Benz” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini özünün idarə etməsini, həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi olmasını, Sənan Abdullayevə avtomobili idarə etmək üçün etibarnamə verdiyini və Sənan Abdullayevin baş verən inzibati xəta ilə heç bir əlaqəsinin olmamasını bildirmişdir. Lakin yuxarıda qeyd olunan hallar araşdırılmadan, xx.xx.2025-ci il tarixdə baş vermiş inzibati xəta zamanı “Mersedes Benz” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi dəqiqləşdirilmədən, X3 inzibati icraat zamanı iştirakı təmin edilmədən, izahatı alınmadan barəsində əsassız olaraq xx.xx.2025-ci il tarixli, EQ/27827663 saylı inzibati xəta haqqında qərarla şəxs inzibati məsuliyyətə cəlb edilməklə barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində xx.xx.2025-ci il tarixli, EQ/27827663 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ/27827663 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ/27827663 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Saatlı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-352/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-352/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver