Məhkəmə qərarları › İş №3(055)-355/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-355/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-355/2023 14.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Saatlı Rayon Məhkəməsinin hakimi Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Protokol tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1988-ci ildə Saatlı rayonunun Xanlarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonunun Nabatkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 513.1 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 13 mart 2023-cü il tarixdə Saatlı rayonunun Orta Muğan kəndi ərazisində qanunsuz küçə yürüşü təşkil edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 513.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 14 mart 2023-cü il tarixli MN № ******* protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X7 göstərdi ki, o, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 13 mart 2023-cü il tarixdə bir neçə şəxslə birlikdə Saatlı rayonunun Orta Muğan kəndi ərazisində yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasını pozaraq qanunsuz olaraq küçə yürüşü təşkil etmiş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar raportla Saatlı Rayon Polis Şöbəsinə müraciət olunmuş və tərəfindən Şəxs barəsində İXM-in 513.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, özünü təqsirli bilmir. 13 mart 2023cü il tarixdə su qıtlığı ilə əlaqədar olaraq bir neçə şəxslə birlikdə Saatlı rayonunun Orta Muğan kəndi ərazisindən keçən avtomobil yoluna çıxaraq əraziyə gələn Saatlı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb su qıtlığı ilə bağlı söhbət etdikləri zaman polis əməkdaşları ona yaxınlaşaraq onu rayon polis şöbəsinə gətirmişlər.Lakin o, qanunsuz küçə yürüşü təşkil etməmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş, hər hansı formada tabesizlik göstərməmişdir. Ona görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. X1 izahatında bildirdi ki, o, Saatlı Rayon Polis X2 Bölməsinin bölmə rəisi vəzifəsində işləyir.13 mart 2023-cü il tarixdə bir neçə şəxsin Saatlı rayonunun Orta Muğan kəndi ərazisindən keçən avtomobil yolunu bağladıqlarını eşidərək digər polis əməkdaşları ilə birlikdə dərhal həmin əraziyə getmişdir. Ərazidə olan zaman bir neçə şəxsin su qıtlığı ilə bağlı olaraq avtomobil yolunu bağladıqlarının şahidi olmuşdur. Həmin vaxt polis əməkdaşları xüsusi “səsucaldan” texniki vasitələrdən istifadə edərək avtomobil yolunu bağlayan şəxslərə, o cümlədən Şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydaları pozduğunu bildirmişlər, lakin Şəxs və digər şəxslər polis əməkdaşlarının qanuni tələblərinə heç bir məhəl qoymamışlar. Odur ki, Şəxs məcburi şəkildə Saatlı rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə baxışı zamanı şahid X11 digər X1nun izahatına uyğun izahat verdi. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli AZA № 018270 saylı inzibati qaydada tutma haqqında protokolun surətindən görünür ki, Şəxs 13 mart 2023-cü il tarixdə, saat 19:48-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 513.1 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi şahidlərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Şəxs qanunsuz küçə yürüşü təşkil etmədiyini və polis əməkdaşlarının tələblərinə tabe olduğunu göstərsə də, bu hal iş materialları ilə təkzib olunur. Odur ki, məhkəmə Şəxs oğlunun göstərdiyi yuxarıda qeyd olunan xüsusatları özünü müdafiə kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 513.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 513.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 513.1 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 513.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 513.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.1ci maddəsi ilə 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 13 mart 2023-cü il tarixdən saat 19:48 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar