Məhkəmə qərarları › İş №3(055)-357/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-357/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-357/2023 14.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Saatlı rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxx 1983-cü ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Saatlı rayonu Nabatkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 513.1 və 535.1-ci maddələri ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 13 mart 2023-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 13 mart 2023-cü il tarixdə Saatlı rayonunun Orta Muğan kəndi ərazisində qanunsuz küçə yürüşü təşkil edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X7 göstərdi ki, o, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 13 mart 2023-cü il tarixdə bir neçə şəxslə birlikdə Saatlı rayonunun Orta Muğan kəndi ərazisində yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasını pozaraq qanunsuz olaraq küçə yürüşü təşkil etmiş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar raportla Saatlı Rayon Polis Şöbəsinə müraciət olunmuş və tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, özünü təqsirli bilir. 13 mart 2023-cü il tarixdə su qıtlığı ilə əlaqədar olaraq bir neçə şəxslə birlikdə Saatlı rayonunun Orta Muğan kəndi ərazisindən keçən avtomobil yoluna çıxaraq yolu bağlamaq istəmişlər. Əraziyə gələn Saatlı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb su qıtlığı ilə bağlı söhbət etmişlər, etirazlarını bildirmişlər. Polis əməkdaşları onları məcburi şəkildə rayon polis şöbəsinə gətirmişlər. Lakin o, polis əməkdaşlarına müqavimət göstərməmiş və onlara daş atmamışdır. Etdiyi əməldən peşimançılıq çəkir. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahatında bildirdi ki, o, Saatlı Rayon Polis X1 Bölməsinin bölmə rəisi vəzifəsində işləyir.13 mart 2023-cü il tarixdə bir neçə şəxsin Saatlı rayonunun Orta Muğan kəndi ərazisindən keçən avtomobil yolunu bağladıqlarını eşidərək digər polis əməkdaşları ilə birlikdə dərhal həmin əraziyə getmişdir. Ərazidə olan zaman bir neçə şəxsin su qıtlığı ilə bağlı olaraq avtomobil yolunu bağladıqlarının şahidi olmuşdur. Həmin vaxt polis əməkdaşları xüsusi “səsucaldan” texniki vasitələrdən istifadə edərək avtomobil yolunu bağlayan şəxslərə, o cümlədən Şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydaları pozduğunu bildirmişlər, lakin Şəxs və digər şəxslər polis əməkdaşlarının qanuni tələblərinə heç bir məhəl qoymamışlar. Odur ki, Şəxs məcburi şəkildə Saatlı rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə baxışı zamanı şahid X5 digər şahid X2 izahatına uyğun izahat verdi. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli AZA № 018271 saylı inzibati qaydada tutma haqqında protokolun surətindən görünür ki, Şəxs 13 mart 2023-cü il tarixdə, saat 19:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Saatlı rayon polis şöbəsinin 14 mart 2023-cü il tarixli, 102/2-4936 saylı arayışından görünür ki, Saatlı rayonu Nabatkənd kəndində yaşayan Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.1 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, şahidlərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 513.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərin min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilməsi, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbsin tətbiq olunması, vəzifəli şəxslərin üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslərin on beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərin iki yüz manat məbləğində cərimə edilməsi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunan maddələrin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halın olmamasını, xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini və sair bu kimi digər halları nəzərə alıb barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə inzibati həbsin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 513.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni iki ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.1-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 13 mart 2023-cü il tarixdən saat 19:50 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar