Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-397/2024 26.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, Müəyyənetdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 24 iyul 2024cü il tarixdə saat 23 radələrində Saatlı rayonunun Qara Nuru kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. İnzibati xəta haqqında olan materiallı nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, inzibati xəta haqqında 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokol onu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxılması saat 18:25-ə təyin edilmiş və inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılmağa başlanılmışdır. Zərurət yarandığından məhkəmə iclasının gedişatında fasilə elan edilmişdir. Fasilədən sonra müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs fasilə müddətində polis əməkdaşları tərəfindən məhkəmə iclas zalından çıxarılıb polis şöbəsinə aparılmışdır. Bundan sonra işə baxılmasının təxirə salınmasına və bu barədə işçi qaydada Saatlı RPŞ-yə məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulmuşdur. Odur ki, inzibati xəta haqqında materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılmalıdır.Hazırki halda isə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına zidd olaraq şəxs məhkəməyə təqdim olunmamışdır. Beləliklə, inzibati xəta haqında material natamam olduğundan, hazırkı inzibati xəta haqqında işə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburi olduğundan, sonuncu isə məhkəməyə təqdim olunmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(055)-397/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-397/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver