Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-411/2024 08.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakimi Sadıqov Mirlətif Süleyman oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmədə baxılmağa hazırlayarkən, Müəyyənetdi: Məhkəməyə daxil olmuş 04 avqust 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 avqust 2024cü il tarixdə, Saatlı şəhəri Heydər Əliyev prospektində «Kia Rio» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. İnzibati xəta haqqında olan materiallı nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, Şəxs barəsində Saatlı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXMnin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 04 avqust 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 avqust 2000-ci il tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası” 1-ci bəndinə əsasən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu, həkim olmadıqda isə feldşer-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə təhqiqat istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında, habelə işəgötürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsü əsasında həyata keçirilir. Qaydaların 2-ci bəndinə əsasən tibbi müayinə vasitəsi ilə yoxlanılan şəxsin narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan vasitələrin və psixotrop maddələrin növü ehtiyac olduqda, miqdarı və təxmini istehlak etmə vaxtı təyin olunur. Tibbi müayinənin keçirilməsinin səbəbi, gedişi, aparılan tədqiqatın növləri və nəticəsi tərtib edilmiş rəydə öz əksini tapır. Qaydaların 3-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq 2 nüsxədə (əsli və surəti) Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formaya uyğun tibbi müayinə protokolu tərtib edir. Protokolda yoxlanılan şəxsin pasport məlumatları, müayinə aparılması barədə qərar çıxaran orqanın adı, müayinənin səbəbi qeyd olunur. Müayinə zamanı həkim-narkoloq yoxlanılan şəxsdən geniş anamnez toplayır, onun xarici görünüşünə, davranışına nəzarət yetirir, şüurunun vəziyyətini, nitq qabiliyyətini, vegetativ damar reaksiyalarını, tənəffüsün tezliyini, nəbzini və arterial təzyiqini, bəbəklərinin vəziyyətini, hərəkət sferasını, mimikasını yoxlayır, xüsusi sınaqlar aparır. Bunlarla yanaşı, yoxlanılan şəxsin psixi vəziyyəti (əhval-ruhiyyəsinin vəziyyəti və dəyişkənliyi, emosional fonu, yaddaş və diqqəti, psixi ajitasiya, aqressivlik, təfəkkürün sürəti, həyəcanlı, səksəkəli olması, vaxt gedişini qiymətləndirməsi, qeyri-adekvat ideyalar və sair) ətraflı müayinə olunur. Tibbi müayinə obyektiv və dəqiq anamnestik məlumatlarla birgə müayinə olunanın vəziyyətini qiymətləndirməyə və düzgün rəy verməyə imkan verir. Müayinənin nəticələri protokolda qeyd olunur və müayinə olunan şəxsə elan edilir. Müraciət olunduğu andan müayinə başlanmış hesab edilir və onun keçirilmə müddəti zəruri tədqiqatların aparılmasına sərf olunan vaxtdan asılıdır. İş materiallarından görünür ki, Saatlı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 avqust 2000-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası”nın tələbləri kobud şəkildə pozularaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin narkoloji tibb müəssisəsinin həkim-narkoloqu, həkim olmadıqda isə feldşer-narkoloqu tərəfindən müayinəsi təmin edilmədən qanunsuz olaraq “X1” tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, inzibati xəta haqında material natamam olduğundan və bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Saatlı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 04 avqust 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(055)-411/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-411/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver