Məhkəmə qərarları › İş №3(055)-416/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-416/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-416/2023 06.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X3 iştirakı ilə xx xxxxxx 1995-ci il tarixdə Saatlı rayonu Azadkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Saatlı rayonu Azadkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 06 aprel 2023-cü il tarixli MN № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 11 mart 2023cü il tarixdə Saatlı rayonu Azadkənd kəndində Şəxs həmkəndlisi X5 qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, X7 onun qaynı arvadıdır. Göyçək Qurbanlının əri Bakı şəhərində işlədiyi üçün Göyçək atası evində olmuş, lakin qayınatası bayram təmizliyinə görə Göyçəyi evə gətirmişdir. Göyçəklə onun evi ayrı olsa da, eyni həyətdə yerləşir. 11 mart 2023-cü il tarixdə o, həyətdə su şlanqından istifadə edərək paltar yuyarkən Göyçək gələrək şlanqı onun əlindən almış, bundan sonra aralarında mübahisə yaranmışdır. X6 onların mübahisə etdiyini görüb aralaşdırmışdır. Göyçək Qurbanlı özözünü vurmuş, üz-gözünü cırmaqlamış, ona və ərinə onları polisə şikayət edəcəyini demişdir. O, Göyçək Qurbanlını söyüb təhqir etməmiş və onu vurmamışdır. Göyçək Qurbanlının onun barəsində etdiyi şikayət şər və böhtandır. Ona görə də məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 göstərdi ki, Şəxs onun qaynı arvadıdır. Onun əri Bakı şəhərində işlədiyi üçün özü atasıgildə olmuş, lakin qayınatası evdə bayram təmizliyi etmək üçün onu evə gətirmişdir. Şəxs ilə ayrı evlərdə yaşasalar da, evləri eyni həyətdədir. Həyətdə onun ailəsinə məxsus olan su şlanqı vardır və həyətdə hamı həmin şlanqdan istifadə edir. 11 mart 2023-cü il tarixdə Şəxs həyətdə paltar yuyarkən o, su şlanqını götürərək vedrələrə su doldurmaq istəmiş, bu zaman Samirə onu söyüb təhqir etmiş, su şalnqının onların olmadığını, heç nəyin onlara məxsus olmadığını deyib onunla mübahisə etməyə başlamışdır. Daha sonra onun saçından tutub sürüməyə başlamış, bu zaman Samirə X6nu çağırmış və Amid Qurbanov da gəlib onun başına şillə vurmuşdur. Hazırda Şəxs ilə barışmır və ona cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Sabirabad rayon şöbəsinin 13 mart 2023-cü il tarixli 46 saylı rəyindən görünür ki, X4 müayinə zamanı aşkar edilmiş xəsarətlər-boynun sağ və sol yan səthində, sol almacıq sümüyü proyeksiyasında, burnun sol qanadı nahiyəsində, sağ və sol saidin orta 1/3-də bayır səthdə sıyrıqlar, sol gözaltı nahiyədə, sağ bazunun orta 1/3-də iç səthdə qançırlar küt əşyanı/əşyaların/təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 11 mart 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki hal üzrə Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Sabirabad rayon şöbəsinin 13 mart 2023-cü il tarixli 46 saylı rəyində X3 dərəcəsi təyin edilməyən xəsarətlər alması göstərilsə də, məhkəmə araşdırması zamanı həmin xəsarətlərin Şəxs tərəfindən yetirilməsi, yəni 11 mart 2023-cü il tarixdə Şəxs qohumu X5 döyərək ona xəsarət yetirməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, zərər çəkmiş şəxs X1 Qurbanovanın və onun əri Amid Qurbanovun onu vuraraq ona xəsarət yetirmələrini bildirsə də, məhkəmə iclasında bu hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən normaların tələbləri baxımından məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə Şəxs əməlində inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkəbi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar