Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-428/2024 26.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1995-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Saatlı rayonu Məmmədabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 25 avqust 2024-cü il tarixdə saat 22:40 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasındanəlayiq söyüşlər söyüb ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 25 avqust 2024-cü il tarixli MN № ******* protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X5 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Şəxs 25 avqust 2024-cü il tarixdə Saatlı Rayon Mərkəzi Xəstəxanasında xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı rayon Polis əməkdaşları Saatlı rayon Polis Şöbəsinə raportla müraciət etmiş və onun tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 25 avqust 2024-cü il tarixdə qardaşı Həsənlə birlikdə Saatlı Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Qardaşı Həsən ağrı kəsici iynə tələb etdi ki, ona vursunlar. Həkim iynənin hal-hazırda olmadığını bildirmişdir. Qardaşı Həsən buna əsəbləşərək səsküy salmağa başlamışdır, həkimlə mübahisə eləmişdir. Həkim iynəni tapıb qardaşına vurmuşdur. Bundan sonra o, atasına, anasına xəbər vermişdir. Onlar bir neçə dəqiqədən sonra xəstəxanaya gəlmişlər. Bundan sonra xəstəxanaya girərək həkimlə iynəni gec tapdığına görə mübahisə etmişlər. Onlar əsəbi olduğuna görə nalayiq ifadələr işlətmişlər. Sonradan xəstəxanaya polis əməkdaşları gəlmişlər. Onlar əsəbi olduğunu bildirərək polislərlə mübahisə etmişlər və polisin qanuni tələblərinə məhəl qoymamışlar. Buna görədə onları məcburi qaydada polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin PPX bölüyünün polis nəfəri, X4 izahatında göstərdi ki, 25 avqust 2024-cü il tarixdə saat 22:40 radələrində PPXB-nin polis nəfəri polis serjantı X6 ilə xidmətdə olarkən Saatlı RPŞ-nin növbətçisi onlara məlumat verərək bildirmişdir ki, rayon mərkəzi xəstəxanasında həkimlərə köməklik göstərilməsi barədə məlumat daxil olmuşdur. O, Sübhan Hüseynov və taqım komandiri Sahil Şərbətovla birlikdə mərkəzi xəstəxanaya getmişlər. X8, iki oğlu və həyat yoldaşı ilə xəstəxananın içərisində uca səslə həkimlərin ünvanına nalayiq söyüşlər söyərək, onların iş fəaliyyətini pozduqlarını görmüşlər. Polis əməkdaşları onları sakitləşdirməyə çalışarkən Rəcəb Mehdiyev və oğlu Elgül Mehdiyev polislərə qarşı hörmətsizlik edərək üstlərinə doğru gəlmişlər. Onlar Rəcəbi və Elgülü nizam-intizama dəvət edib ictimai yerdə nalayiq ifadələr işlətməmələrini bildirsələrdə onlar polislərin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etmişlər. Bu səbəbdən onlar həmin şəxsləri Saatlı Rayon Polis Şöbəsinə gətirmişlər və raportla rəhbərliyə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri X6 digər şahid X1 izahatına uyğun izahat verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri dinləyərək və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 25 avqust 2024-cü il tarixdə saat 22:40 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasında ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmaması nəzərə alaraq barəsində təqsirli bilindiyi İXM-in 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 25 avqust 2024-cü il tarixdən saat 23:30 dəqiqədə inzibati qaydada tutulmuşdur. Ona görə də, hesab edirəm ki, Şəxs həbs etmənin əvvəli 25 avqust 2024-cü il tarixdən saat 23:30 dəqiqədən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 25 avqust 2024-cü il tarixdən saat 23:30 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-428/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-428/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver