Məhkəmə qərarları › İş №3(055)-43/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-43/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-43/2025 06.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 07 avqust 1998-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 06 yanvar 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 16 noyabr 2024-cü il tarixdə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 2.68 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Həmin gün Saatlı RPŞ-də üzərinə keçirilən baxış zamanı qeyd edilən narkotik vasitə üzərindən aşkar olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X3 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Şəxs 16 noyabr 2024-cü il tarixdə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 2.68 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-nin 206-cı maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərar Saatlı RPŞ-nin İTB-nə göndərilmişdir. Qərar əsasında onun tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 15 noyabr 2024-cü il tarixdə saat 17 radələridə yaşadığı kəndin ərazisində yerləşən kafeyə yemək yeməyə getmişdir. Həmin vaxtı yemək yeyərkən spirtli içki qəbul etmişdir. Orada özündən asılı olmayaraq uca səslə nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Bundan sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu Saatlı RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Saatlı RPŞ-nə gəlmişdir. RPŞ-də polis əməkdaşları ondan üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına şalvarının sağ cibində 1 ədəd kağız bükümdə və gödəkçəsinin iç cibində 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, təxminən 4 ay əvvəl öz istifadəsi üçün Saatlı rayonu Qara Nuru kəndində yerləşən çöl sahədə 1 ədəd narkotik tərkibli çətənə bitkisi əkdiyini, təxminən 2 həftə əvvəl həmin bitkinin üzərində olan məhsulunu yığıb 1 ədəd kibrit qutusuna və 1 ədəd bükümə yığaraq öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən ondan götürülüb qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. Hazırda əməlindən peşmandır və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Bütün bunları nəzərə alaraq məhkəmədən ona köməklik olunmasını xahiş edir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində cinayət təqibi başlanması rədd edilmiş və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Saatlı RPŞ-nin İRB-nə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18/918 nömrəli ekspet rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Şəxs üzerindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-2,48 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,20 qram, ümumi çəkisi 2,68 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 16 noyabr 2024-cü il tarixdə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 2.68 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasına görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi vardır və həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də məsuliyyəti yüngülləşdirən halları nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan və Saatlı RPŞ-də saxlanılan 2,64 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar