Məhkəmə qərarları › İş №3(055)-443/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-443/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-443/2023 11.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1964-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Saatlı rayonu, Naharlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 11 aprel 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 24 iyul 2016-cı il tarixli 2(055)-1259/2016 saylı və Saatlı Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(055)-1278/2016 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və hazırda üzərində müvafiq olaraq ödənilməmiş 2304 manat və 3649 manat borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 24 iyul 2016-cı il tarixli 2(055)-1259/2016 saylı icra sənədinə əsasən ondan 3234 manat borc, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 manat xidmət haqqı, cəmi 3304 manat alınaraq Zərərçəkmiş şəxs2 verilməlidir. Bundan başqa, Saatlı Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(055)-1278/2016 saylı icra sənədinə əsasən ondan 5949.25 manat borc və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 5979.25 manat alınaraq Zərərçəkmiş şəxs1 verilməlidir. Hal-hazırda hər iki icra sənədi üzrə müvafiq olaraq 2304 manat və 3649 manat borcu vardır, lakin həmin borcları ödəmək iqtidarında deyildir. Belə ki, o, yeni işə düzəlmiş və Bakı şəhərində fəhlə işləyir. Əgər ona borclarını ödəmək məqsədi ilə vaxt verilərsə borclarından hissə-hissə ödənişlər edə bilər. Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 24 iyul 2016-cı il tarixli 2(055)-1259/2016 saylı icra sənədinə əsasən Şəxs 3234 manat borc, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 manat xidmət haqqı, cəmi 3304 manat alınaraq ona verilməlidir. Şəxs ona olan borcunu qaytarmır. Ona görə də, Şəxs şikayətçidir və onun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(055)-1278/2016 saylı icra sənədinə əsasən Şəxs 5949.25 manat borc və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 5979.25 manat alınaraq ona verilməlidir. Şəxs ona olan borcunu qaytarmır. Ona görə də, Şəxs şikayətçidir və onun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki Şəxs 3234 manat borc, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 manat xidmət haqqı, cəmi 3304 manatın alınaraq Zərərçəkmiş şəxs2 verilməsi barədə Saatlı Rayon Məhkəməsinin 24 iyul 2016-cı il tarixli 2(055)-1259/2016 saylı və Şəxs 5949.25 manat borc və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 5979.25 manatın alınaraq Zərərçəkmiş şəxs1 verilməsi barədə Saatlı Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(055)-1278/2016 saylı icra sənədləri Şəxs tərəfindən icra edilməmişdir. Bununla da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxslərin izahatı tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 11 aprel 2023-cü il tarixdən saat 17:00 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar