Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-458/2024 30.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı rayon prokurorunun böyük köməkçisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş 06 sentyabr 2024-cü il tarixli 158-İX-24 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Saatlı rayonu Şirinbəyli bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqların uçotu və monitorinqi müvafiq qaydada aparılaraq məlumatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməli olduğu halda, həmin bələdiyyənin sədri Şəxs bələdiyyənin mülkiyyətində olan yaşıllıqların 2023-cü ildə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotunu aparmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş yaşıllıqların uçotunun və monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclası zamanı Saatlı rayon prokurorunun böyük köməkçisi X3 izahatında göstərdi ki, Saatlı rayonu Şirinbəyli bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqlarla bağlı məlumatlar 2023-cü il üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat, əsas isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Ona görə də, həmin vaxt Saatlı rayonu Şirinbəyli bələdiyyəsinin sədri vəzifəsində işləyən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, hazırda da Saatlı rayonu Şirinbəyli bələdiyyəsinin sədri vəzifəsində işləyir. O, Saatlı rayonu Şirinbəyli bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqlarla bağlı məlumatları təqdim etmişdir. Lakin rəsmi şəkildə təqdim etmədiyi üçün, ekologiyanın işçisinə əlbəl verdiyi üçün hazırda məlumatları verdiyini sübut edə bilmir. Hazırda maddi vəziyyəti yaxşı deyildir. Ona görə də, bu halın nəzərə alınaraq ona köməklik edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253- 1.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə görə prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Həmin Məcəllənin 99.3-cü maddəsinə görə İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə görə İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən ətraf mühitin qorunması qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli, 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 1.5-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini bələdiyyələr aparır. Həmin Qaydaların 2.4-cü və 2.5-ci bəndlərinə əsasən, istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2017-ci il tarixli, 566 nömrəli qərarında nəzərdə tutulmuş qaydada aparılmalı, uçota alınan yaşıllıqlar barədə məlumatlar hər il yanvarın 1-nə ümumiləşdirilməli və tərtib olunmuş hesabatlar fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatlar isə hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilməli və uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1-ci maddəsinə əsasən yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 253-1.1.3-cü maddəsinə əsasən yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunan maddələrin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-458/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-458/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver