Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-471/2024 27.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Müdafiəçi, Saatlı Rayon Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 22 avqust 1995-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Saatlı rayonunun Məmmədabad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 26 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 26 sentyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində Saatlı rayonunun Məmmədabad kəndində səs-küy salıb ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, Şəxs həmin vaxt xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşı Həsən Qasımovla əlbəyaxa olmuş, Həsən Qasımovun paltarlarını cırmış, ona zor tətbiq etməklə müqavimət göstərərək xəsarət yetirmiş, həmçinin də, Saatlı rayon Polis Şöbəsinə məxsus olan xidməti maşının şüşəsini sındırmışdır. Bundan başqa, həmin vaxt Şəxs ailə üzvləri ilə birlikdə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 26 sentyabr 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları Saatlı rayonunun Məmmədabad kəndində onların evinin yaxınlığında iş görərkən onun və ailə üzvlərinin "xxxx" ASC-nin əməkdaşları ilə mübahisəsi olmuş, "xxxx" ASC-nin əməkdaşlarını öz həyətinə daxil olmağa imkan verməmişdir. Bundan sonra, hadisə yerinə polis əməkdaşları çağırılmışdır. O həqiqətən də, səs-küy salıb söyüş söymüşdür, lakin başqasını yox, özünü söymüşdür. Həmin vaxt Həsən adlı polis əməkdaşı ilə əlbəyaxa olaraq onun paltarını cırmış, əlbəyaxa olarkən ona xəsarətlər yetirmişdir. Həmçinin də, əsəbi olarkən əli polis maşının şüşəsinə dəymiş və polis maşının şüşəsi sınmışdır. Daha sonra polis əməkdaşları onu Saatlı RPŞ-yə aparmışlar. Ona görə də, göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında Saatlı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs Saatlı rayon Polis Şöbəsinə şikayət daxil olmuş, həmin şikayət əsasında polis əməkdaşları ilə birlikdə Saatlı rayonunun Məmmədabad kəndinə gedib Şəxs sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət etmiş, lakin Şəxs ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, Şəxs həmin vaxt onunla əlbəyaxa olmuş, onun paltarlarını cırmış, ona xəsarət yetirmiş, həmçinin də, dəmirlə Saatlı rayon Polis Şöbəsinə məxsus olan xidməti maşının şüşəsini sındırmışdır, orada olan başqa şəxsin maşınına da zərər yetirmişdir. Bundan başqa, Şəxs ailə üzvləri ilə birlikdə Saatlı rayon Polis Şöbəsinə məxsus olan xidməti maşını daşlayaraq maşına ciddi ziyan vurmuşlar. Saatlı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X3 izahatında göstərdi ki, Şəxs 26 sentyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində Saatlı rayonunun Məmmədabad kəndində səs-küy salıb ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, Şəxs həmin vaxt polis əməkdaşı Həsən Qasımovla əlbəyaxa olmuş, Həsən Qasımovun paltarlarını cırmış, ona xəsarət yetirmiş, həmçinin də, Saatlı rayon Polis Şöbəsinə məxsus olan xidməti maşının şüşəsini sındırmışdır, orada olan başqa şəxsin maşınına da zərər yetirmişdir. Bundan başqa, Şəxs ailə üzvləri ilə birlikdə Saatlı rayon Polis Şöbəsinə məxsus olan xidməti maşını daşlayaraq maşına ciddi ziyan vurmuşlar. İş materiallarına əlavə olunmuş 26 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 sentyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində Saatlı rayonunun Məmmədabad kəndində səs-küy salıb ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə olunmuş “DVD” diskə və Həsən Qasımova məxsus mobil telefonda olan fotoşəkillərə məhkəmə iclasında baxış keçirilərkən polis əməkdaşı Həsən Qasımovun paltarlarının cırıldığı, polis əməkdaşına zor tətbiq edilərək xəsarət yetirildiyi, həmçinin də, Saatlı rayon Polis Şöbəsinə məxsus olan xidməti maşının şüşəsinin sındırıldığı aşkar şəkildə görünmüşdür. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb belə nəticəyə gəlir ki, hazırki iş üzrə Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və onun əməlində cinayətin əlamətləri olduğundan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsinin dispozisiyasına görə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə həmin maddədə nəzərdə tutulan cinayət əməlinin tərkibini yaradır. Həmin məcəllənin 221.1-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər həmin maddədə nəzərdə tutulan cinayət əməlinin tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görəhəmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəməyə daxil olmuş sənədlərdə və 26 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 26 sentyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində Saatlı rayonunun Məmmədabad kəndində səs-küy salıb ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilsə də, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatları ilə, həmçinin digər iş materiallarının araşdırılması ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi deyil, cinayət məcəlləsinin müvafiq maddələrin tərkib əlamətləri vardır. Belə ki, məhkəmə baxışı zamanı Şəxs hadisə baş verən anda xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşı müqavimət göstərərək xəsarət yetirməsi, həmçinin də, Saatlı rayon Polis Şöbəsinə məxsus olan xidməti maşının şüşəsini sındırması, bundan başqa, Şəxs ailə üzvləri ilə birlikdə Saatlı rayon Polis Şöbəsinə məxsus olan xidməti maşını daşlayaraq maşına ciddi ziyan vurmaları müəyyən edilmişdir. Belə olan halda Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi yoxdur və onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci, həmçinin də onun və ailə üzvlərinin əməlində CM-nin 221-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Göstərilən qanunun tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə aparılan inzibati xəta haqqında materiallar prokurora göndərilməlidir. Materiala əlavə edilmiş 26 sentyabr 2024-cü il tarixli inibati qaydada tutma protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 sentyabr 2024-cü il tarixdə saat 17:10-da inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə aparılan inzibati xəta haqqında materiallar Saatlı rayon prokurorluğuna göndərilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-471/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-471/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver