Məhkəmə qərarları › İş №3(055)-478/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-478/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-478/2024 02.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1985-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı şəhəri Nizami küçəsi, D-2, ev 1-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 02 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 16 sentyabr 2024-cü il tarixdə, saat 20:30 radələrində Saatlı şəhəri Nizami küçəsində Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs üzərinə baxış keçirilərkən qanunsuz olaraq üzərində saxladığı bir ədəd gümüşü rəngli kağız bükümdə təmin çəkisi 0,093 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan əldə etməsi və saxlaması aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, uzun illərdir aradabir narkotik vasitə olan heroindən, psixotrop maddə olan metamfetamindən istifadə edir. 16 sentyabr 2024-cü il tarixdə yerdən tapdığı siqaretin gümüşü kağızında bir ədəd balaca bükümdə olan el arasında “patı” adlanan metamfetamini boz rəngli cins şalvarının cibində saxlamışdır. Lakin, həmin gün saat 20:30 radələrində yaşadığı Saatlı şəhəri Nizami küçəsində Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılmış və üzərində olan yerdən tapdığı kağız bükülüdə olan həmin metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 17 sentyabr 2024-cü il tarixli 3-16- 16/2-18/810 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Şəxs üzərində...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,093 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarında olan Saatlı Rayon Polis Şöbəsinin 02 oktyabr 2024-cü il tarixli, 102/2- 18096 saylı arayışından görünür ki, ünvan 1 ünvanda yaşayan Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 16 sentyabr 2024-cü il tarixdə, saat 20:30 radələrində Saatlı şəhəri Nizami küçəsində Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şəxs üzərinə baxış keçirilərkən bir ədəd gümüşü rəngli kağız bükümdə təmin çəkisi 0,093 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi və üzərində saxlaması aşkar edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 2ci siyahıya əsasən metamfetamin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qramdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi və saxladığı psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 0,15 qramdan az olmuşdur, yəni aşkar edilmiş psixotrop maddə olan metamfetaminin təmiz çəkisi xeyli miqdardan az olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasına görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. Həmin Məcəllənin 206-cı maddəsinin qeyd hissəsinin ikinci bəndinə əsasən bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi müəyyən olunub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni iki ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan və ümumi təmiz çəkisi 0,093 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxxxxxx 1985-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Saatlı şəhəri Nizami küçəsi, D-2, ev 1-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək bir ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 02 oktyabr 2024-cü il tarixdən saat 14:45 dəqiqədən hesablansın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan və ümumi təmiz çəkisi 0,093 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar