Məhkəmə qərarları › İş №3(055)-482/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-482/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-482/2024 07.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 07 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(055)-1425/2019 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(055)-1425/2019 saylı icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Dəfələrlə həmin icra sənədinin icrası Şəxs tam şəkildə tələb olunsa da, borclu icra sənədini tam icra etməmişdir.Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(055)- 1425/2019 saylı icra sənədinə əsasən ondan hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. O, əvvəllər mütəmadi olaraq aliment borcundan ödəniş etmiş, lakin son aylarda isə xəstə olduğu üçün işləyə bilmədiyindən aliment borcu ödənilməmiş qalmışdır. Buna baxmayaraq aliment borcundan 07 oktyabr 2024-cü il tarixdə 1000 manat ödəmişdir. Oktyabr ayının sonundan başlayaraq hər ay 400 manat ödəniş edəcəkdir. Sonda məhkəmədən köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(055)-1425/2019 saylı icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Hazırda borclu tərəfindən 1000 manat aliment borcu ödənilsə də, həmin məbləğ onu qane etmir. Borcun qalan hissəsinin də ödənilməsini, əks təqdirdə borclunun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarından görünür ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(055)-1425/2019 saylı icra sənədi üzrə tələbkara olan borcundan 07 oktyabr 2024-cü il tarixdə 1000 manat ödəmiş və bundan sonra da qalan borcunu ödəyəcəyinə söz verərək, icra məmurunun qanuni tələblərini yerinə yetirəcəkdir. İşin müəyyən olunan bu halı artıq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti ilə uzlaşmır. Hazırda Şəxs bəhs olunan icra vərəqəsi üzrə borcunu tam şəkildə ödəməməsi subyektiv deyil, məhz obyektiv səbəblə, yəni maddi imkanının olmaması ilə bağlı olmuşdur.Şəxs hərəkətlərinin təhlili ilə müəyyən olunur ki, borclunun üzərinə qoyulmuş vəzifələrin mahiyyətini dərk etməsi, icra sənədi ödəniş etməsi onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmadığını təsdiq edir.Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu tam şəkildə ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar