Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-489/2024 15.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1981-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Saatlı rayon Xanlarkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 15 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Əliyev X7 Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-901/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir və hazırda üzərində 1680 manat ödənilməmiş qalan aliment borcu qalmışdır. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-901/2023 saylı icra sənədi ilə əlaqədar hazırda ödənilməmiş qalan aliment borcu 1680 manat təşkil edir. Borclu hər ay aliment borcundan ödəniş etsə də, hazırda tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-901/2023 saylı icra sənədinə əsasən ondan 14 noyabr 2008-ci ildə anadan olmuş X8 və 30 aprel 2010-cu ildə anadan olmuş X9 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 xeyrinə ödənilməlidir. Hazırda işləmir. Maddi vəziyyəti ilə əlaqədar aliment borcunu tələbkara tam şəkildə ödəyə bilməmişdir. Aliment borcunun ödənilməsinə atası və anası köməklik edir. Lakin buna baxmayaraq icra sənədi icraya yönəldilən vaxtdan hal-hazıradək mütəmadi olaraq ümumilikdə 19780 manat aliment borcu ödəmişdir. Bundan başqa isə 03 sentyabr 2024-cü il tarixdə 100 manat, 23 sentyabr 2024-cü il tarixdə 250 manat ümumilikdə 350 aliment borcundan ödəniş etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin verdiyi cədvəldən görünür ki, Şəxs 03 sentyabr 2024-cü il tarixdə 100 manat, 23 sentyabr 2024-cü il tarixdə 250 manat, ümumilikdə sentyabr ayı üzrə 350 manat aliment borcundan ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı DOST Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Məşğulluq haqqında arayışdan görünür ki, Şəxs X2 filialında işsiz kimi qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarından görünür ki, Əliyev X7 Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-901/2023 saylı icra sənədi üzrə tələbkar Tünzalə Qubadovaya olan borcundan 03 sentyabr 2024-cü il tarixdə 100 manat, 23 sentyabr 2024-cü il tarixdə 250 manat, keçən müddət ərzində isə müxtəlif məbləğlərdə olmaqla mütəmadi qaydada ümumilikdə 19780 manat aliment borcu ödəmiş və bundan sonra da qalan borcunu ödəyəcəyinə söz verərək, icra məmurunun qanuni tələblərini yerinə yetirəcəkdir. İşin müəyyən olunan bu halı artıq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti ilə uzlaşmır. Hazırda Şəxs bəhs olunan icra vərəqəsi üzrə borcunu tam şəkildə ödəməməsi subyektiv deyil, məhz obyektiv səbəblə, yəni maddi imkanının olmaması ilə bağlı olmuşdur. Şəxs hərəkətlərinin təhlili ilə müəyyən olunur ki, borclunun üzərinə qoyulmuş vəzifələrin mahiyyətini dərk etməsi, icra sənədi üzrə mütəmadi şəkildə aylıq ödənişlərə yaxın məbləğdə, bəzi aylarda isə aylıq ödənişlərdən də artıq ödənişlər etməsi onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmadığını təsdiq edir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu tam şəkildə ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-489/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-489/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver