Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-495/2024 28.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Saatlı RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Sabirabad rayonu Qalağayın kəndində qeydiyyatda olan, Saatlı şəhəri, Gənclər küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Saatlı RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 26 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edib, polisin qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində qeyd etmişdir ki, 25 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində qardaşının polis əməkdaşları tərəfindən həbs olunmasını eşidib, anasının yaşadığı evin yaxınlığında olan dirəyə çıxmışdır. Oradan DİN-nin 102 xidmətinə zəng etmiş və bildirmişdir ki, qardaşını buraxsınlar, yoxsa dirəkdən özünü yerə atacaqdır. Bundan sonra Saatlı RPŞ-nin rəis müavini Eldəniz müəllim ona zəng etmişdir ki, aşağı düşsün, o da Eldəniz müəllimin sözündən sonra aşağı düşmüşdür. 26 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları onu gəlib evlərindən polis şöbəsinə aparmışlar. Göstərilənlərə əsasən məhkəmədən ona köməklik olunmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Saatlı RPŞnin İTB-nin sahə rəisi, polis mayoru X6 26 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X7 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs dirəyə çıxaraq içkili vəziyyətdə ünvansız nəlayiq söyüşlər söymüşdür. Ona dirəkdən yerə düşmək təklif olunmuşdur. Hafiz yerə düşdükdən sonra ona polis şöbəsinə getmək təklif olunmuş, lakin Hafiz polis şöbəsinə getməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətləri etməsi və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Belə ki, Saatlı RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərini pozmasından bəhs etsə də, həmin fakt iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Həmin protokoldan Şəxs xırda xuliqanlıq hərəkətlərinin, həmçinin polisin hansı qanuni tələblərinə tabe olmaması və həmin tabe olmamanın nədə ifadə olunmasını müəyyən etmək qeyri-mümkün olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan iş üzrə yeganə sübut olaraq Saatlı RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X4 izahatına istinad etmişdir. Bununla başğı məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı», «X1rşı» və bir sıra qərarlarında sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Muradov Azərbaycana qarşı» qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin «əsaslı şübhə doğurmayan» sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə, bu halı nəzərə alıb baxılan inzibati xətaya dair iş üzrə şəxsin əməlini təsdiq edəcək, eyni zamanda polis əməkdaşının ifadəsini təsdiq edəcək başqa sübutların olmamasını nəzərə alaraq, həmin ifadəyə istinad edilməsinin yolverilməz olduğunu nəzərə alıb həmin ifadənin sübut kimi istinad edilməsini əsaslı saymır. Şərh olunan əsaslarla əlaqədar məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-495/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-495/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver