Məhkəmə qərarları › İş №3(055)-547/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-547/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-547/2025 24.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Saatlı rayonunun Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 24 iyun 2023-cü il tarixli MN № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 24 iyun 2023-cü il tarixdə saat 09:35 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində Rayon Polis Şöbəsinin inzibati binasının girişində ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X3 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Şəxs 24 iyun 2023-cü il tarixdə saat 09:35 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində Rayon Polis Şöbəsinin inzibati binasının girişində ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla əlaqədar Saatlı RPŞ-nin əməkdaşları Saatlı rayon Polis Şöbəsinə raportla müraciət etmiş və onun tərəfindən X4 barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Saatlı RPŞ-nin əməkdaşı Qorxmaz onu şöbəyə dəvət edərək 30 manat inzibati cəriməsinin ödəməsini bildirmişdir. O, da hazırda imkanı olmadığını və yaxın vaxtda ödəyəcəyini bildirmişdir. Polis şöbəsindən çıxarkən özünü söymüşdür ki, cəriməni ödəməyəcək. Ucadan söyüş söydüyündən polis əməkdaşları onu şöbənin inzibati binasına aparmışlar. O, da polis əməkdaşlarına tabe olmuşdur. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 izahatında göstərdi ki, 24 iyun 2025-ci il tarixdə xidmətdə olarkən Şəxs barəsində tərtib edilmiş inzibati cəriməni ödəmədiyindən RPŞ-nə dəvət edilərək profilaktik söhbət aparılmışdır. Həmin vaxt Şəxs ucadan qışqıraraq nəlayiq söyüşlər söymüşdür. Onlar Şəxs nizam intizama dəvət etmişlər. Lakin Şəxs hərəkətlərini davam etdirmişdir. Buna görə də RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis serjantı X7 digər şahid X2 izahatına uyğun izahat verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta tərkibi yoxdur və ona görə də həmin maddə ilə icraata xitam verilməlidir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 24 iyun 2025-ci il tarixdə saat 09:35 radələrində Saatlı RPŞ-nin inzibati binasının girişində ünvansız nalayiq söyüşlər söymüşdür və ona görə də onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi vardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. 24 iyun 2025-ci il tarixli MN № ******* saylı protokolda Şəxs 24 iyun 2025-ci il tarixdə saat 09:35 radələrində Saatlı RPŞ-nin inzibati binasının girişində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması göstərilsə də, məhkəmə araşdırması zamanı Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, zidiyyətli, şübhəli məqamlar mövcuddur. Halbuki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər olmadığı vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, məhkəmənin ziddiyyətli və şübhəli məqamları şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Ona görə də qeyd olunan normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hallardan biri üzrə Şəxs əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 24 iyun 2025-ci il tarixdə saat 09:35 radələrində Saatlı RPŞ-nin inzibati binasının girişində ucadan ünvansız nalayiq söyüşlər söyməsi proses iştirakçılarının izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar