Məhkəmə qərarları › İş №3(055)-557/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-557/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-557/2023 11.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Zərər çəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1965-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Nabatkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 11 may 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 29 mart 2023cü il tarixdə Saatlı rayon Nabatkənd kəndi ərazisində şəxsi münasibətlər zəmnində həmkəndlisi X5 döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, X6 onun həmkəndlisidir. 29 mart 2023-cü il tarixdə namazdan qayıdarkən yolda Qadir Hüseynovu görərək əmisi oğlunun avtomobilindən düşərək Qadirdən onun barəsində polisə nəyə görə oğurluq barədə şikayət etməsini soruşduqda, Qadir Hüseynov yerdən götürdüyü çaylaq daşı ilə onun baş və sifət nahiyəsinə vurmuş, o da aldığı zərbədən huşunu itirmişdir. Ayıldıqdan sonra DİNnin “102” xidmətinə zəng edərək X1 şikayət etmişdir. X5 döyməmişdir, barəsində polisə edilmiş şikayət yalan və böhtandır. Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında göstərdi ki, o, 2022-ci ildə Rusiya Federasiyasında olarkən həyat yoldaşı telefonla ona zəng edərək həmkəndlisi Şəxs tərəfindən Saatlı rayon Nabatkənd kəndində yerləşən evinin həyətində olan ona məxsus “QAZ 53” markalı nəqliyyat vasitəsinin təkərin aparılmasını demiş, o da telefonla Raufla əlaqə saxlayaraq avtomobilinin təkərinin geri qaytarmasını tələb etmişdir. Rauf Hüseynov ona iki aya təzə təkər alıb vercəyini demiş, lakin hazırki vaxtadək sözünə əməl etməmişdir. 26 mart 2023-cü ildə Azərbaycana qayıtdıqdan sonra DİN-nin “102” xidmətinə zəng edərək Şəxs şikayət etmişdir. 29 mart 2023-cü il tarixdə Saatlı rayon Nabatkənd kəndi ərazisində Şəxs qarşısını kəsərək onunla mübahisə etmiş, ona qarşı nalayiq söyüşlər söymüş, yumruqla boynuna, təpiklə ayağına vuraraq döymüşdür. Hal-hazırda Raufla barışmamışdır, şikayətçidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin 30 mart 2023-cü il tarixli 75 saylı rəyindən görünür ki, X3 aşkar edilmiş xəsarət-sağ baldırın orta 1/3-də ön səthdə sıyrıq küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 29 mart 2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarət ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş 06 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-ə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 11 may 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 29 mart 2023-cü il tarixdə Saatlı rayon Nabatkənd kəndi ərazisində şəxsi münasibətlər zəmnində həmkəndlisi X5 əli və ayağı ilə vuraraq ona fiziki ağrı yetirməklə dərəcəsi təyin edilməyən, sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar