Məhkəmə qərarları › İş №3(055)-558/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-558/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-558/2023 11.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X3, X1 iştirakı ilə, xx xxxx 2001-ci ildə Saatlı rayonunun Qara Nuru kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonu Qazanbatan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 11 may 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 24 mart 2023cü il tarixdə, saat 17 radələrində Saatlı rayonu Qazanbatan kəndi ərazisində X7 ilə su üstündə aralarında yaranmış mübahisə zamanı sonuncunu qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Saatlı rayonu Qazanbatan kəndində yaşayır, fərdi əməklə məşğul olur. X7 ilə həmkəndlidir, aralarında ədavət olmamışdır. 24 mart 2023-cü ildə yaşadığı kəndin çöl sahəsində əkdiyi özünə məxsus yonca sahəsini suvarmaq üçün getmiş və sahəsinə suyun az gəlməsini görərək kəndin giriş hissəsində olan su nizamlayıcı şuluza baxmağa getmişdir. Orada öz sahəsinə gələn suyun həcmini artırmaq üçün başqa yerə axan suyun qarşısını nisbətən bağlamaq istəyərkən oraya həmkəndlisi X7, su merabı X13 və kənd icra nümayəndəsi X10 gəlmişlər. Həmin vaxt Bəybala Süleymanov onunla mübahisə etməyə başlayaraq suyun qarşısını kəsməməsini demiş, o da Bəybalaya suyun qarşısını tam kəsmədiyini, torpaq sahəsinə gələn suyun həcmini artırmaq istədiyini demişdir. Lakin, Bəybala Süleymanov onu təhqir etmiş, təpiklə sol ayağına, yumruqla qarın nahiyəsinə vurmuş, sonra onlar yaxalaşmış, anası Simuzər onları sakitləşdirərək aralaşdırmışdır. Həmin vaxt Bəybala Süleymanovu vurmaq istəmiş, lakin anası Simuzər qoymamışdır.Bundan sonra o bu barədə DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Ona görə də, göstərdiklərini nəzərə alıb məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 göstərdi ki, Saatlı rayonu Qazanbatan kəndində yaşayır, məktəb direktorudur. Şəxs həmkəndli kimi tanıyır. 24 mart 2023-cü il tarixdə, saat 17 radələrində o, kənd icra nümayəndəsi X10 və su birliyinin nəzarətçisi X13 onun avtomobili ilə Saatlı rayonu Qazanbatan kəndinin giriş hissəsində olan su nizamlayıcı qurğuya baxmaq üçün getmişlər. Şuluza çatanda Şəxs əlində olan taxta qapı ilə Qara Nuru kəndi istiqamətində axan suyun qarşısını kəsmək istədiyini görmüşlər. Həmin vaxt onlar Əliyə iradlarını bildirərək suyun qıt olan vaxtında belə hərəkət etməməsini bildirmişlər. Şəxs isə su arxının o biri tərəfindən keçərək onun üstünə hucum edərək yumruqla sinəsinə üç dəfə, daha sonra başına vurmuş, təpiklə sağ ayağına vuraraq xəsarətlər yetirmişdir.Bundan sonra onlar Şəxs sakitləşmədiyini görüb oradan uzaqlaşmışlar. Həmin vaxt Şəxs vurmamış, döyməmiş, təhqir etməmişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə iclasında şahid X13 göstərdi ki, Saatlı rayon Qazanbatan kəndində yaşayır və su mehrabı işləyir. Şəxs və X4 tanıyır, onlarla arasında heç bir ədavəti yoxdur. 24 mart 2023-cü il tarixdə, saat 17 radələrində o, kənd icra nümayəndəsi X10 və kənd məktəbinin direktoru X7 avtomobillə Saatlı rayonu Qazanbatan kəndinin giriş hissəsində olan su nizamlayıcı qurğuya baxmaq üçün getmişlər. Ora Şəxs əlində olan taxta qapı ilə Qara Nuru kəndi istiqamətində axan suyun qarşısını kəsmək istədiyini gördükləri üçün Əliyə suyun qarşısını kəsməməsini dedikdə Şəxs onlara tərəf hucum edərək yumruqla Bəybala Süleymanovun sinəsinə, başına, təpiklə sağ ayağına vuraraq Bəybalaya xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid X10 göstərdi ki, Saatlı rayon Qazanbatan kənd icra nümayəndəsi vəzifəsində işləyir. Şəxs və X4 tanıyır, onlarla arasında heç bir ədavəti yoxdur. 24 mart 2023-cü il tarixdə, saat 17 radələrində o, kənd məktəbinin direktoru X7 və su birliyinin nəzarətçisi X5 rayonu Qazanbatan kəndinin giriş hissəsində olan su nizamlayıcı qurğuya baxanda Şəxs əlində olan taxta qapı ilə Qara Nuru kəndi istiqamətində axan suyun qarşısını kəsmək istədiyini görmüşlər. Həmin vaxt Əliyə suyun qarşısını kəsməməsini bildirdikdə Şəxs onlara tərəf hucum edərək yumruqla Bəybala Süleymanovun sinəsinə, başına, təpiklə sağ ayağına vurmuşdur. Məhkəmə iclasında şahid X6 göstərdi ki, Saatlı rayon Qazanbatan kəndində yaşayır. Şəxs anasıdır, X4 tanıyır. 24 mart 2023-cü il tarixdə, saat 17 radələrində Saatlı rayonu Qazanbatan kəndinin giriş hissəsində olan su nizamlayıcı qurğunun yanında oğlu Şəxs səsini eşidib oraya getmiş və oğlu Əli ilə Bəybalanın mübahisə etdiklərini və yaxalaşdıqlarını görmüşdür. Həmin vaxt oğlu Şəxs X4 vurmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin Sabirabad rayon şöbəsinin 27 mart 2023-cü il tarixli 69 saylı rəyindən görünür ki, X2 gicgah-alın, sol körpücükaltı nahiyələrdə qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 24 mart 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 24 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-ə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Saatlı rayon polis şöbəsinin 11 may 2023-cü il tarixli, 02/2-9148 saylı arayışdan görünür ki, Saatlı rayonu Qazanbatan kəndində yaşayan Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 24 mart 2023-cü il tarixdə, saat 17 radələrində Saatlı rayonu Qazanbatan kəndi ərazisində X7 ilə su üstündə aralarında yaranmış mübahisə zamanı sonuncunu qəsdən döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin və şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ağırlaşdırıcı halın olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar