Məhkəmə qərarları › İş №3(055)-610/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-610/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-610/2025 06.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 23 iyul 2025-ci il tarixli MN № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs tərəfindən X2 İdarəsinin xx.xx.2025-ci il tarixli 001055 saylı yazılı göstərişi tam və vaxtında icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə X2 İdarəsinin əməkdaşları onun işlətdiyi marketə gəlmişlər. Həmin vaxtı o, marketdə olmamışdır. Telefon vasitəsilə idarənin əməkdaşları ilə danışan zaman, onlar icazə haqqının 500 manatadək artığını bildirmişlər. O, da hər il 120 manat icazə haqqı ödədiyindən, idarənin əməkdaşlarına bildirmişdir ki, onun 150 manata gücü çatır, 150 manat məbləğində hansı ölçüdə reklam yerləşdirmək mümkündürsə, onu desinlər, o, da həmin ölçüdə reklamı yerləşdirsin. Lakin ona bir söz deyən olmamışdır. Bu barədə ona hər hansı bildiriş də gəlməmişdir. Göstərdiklərini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş X2 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş X2 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan 23 iyun 2025-ci il tarixli aktdan və foto şəkildən görünür ki, Saatlı rayonu Qara Nuru kəndində yerləşən «Mehman Ticarət» obyekti üzərində açıq məkanda reklam yerləşdirilmişdir. İş materiallarında olan 23 iyun 2025-ci il tarixli göstərişdən və 24 iyun 2025-ci il tarixli bildirişdən görünür ki, Saatlı rayonu Qara Nuru kəndində yerləşən «Mehman Ticarət» obyekti üzərində açıq məkanda reklam yerləşdirməsi ilə bağlı X2 İdarəsi tərəfindən Şəxs xəbərdarlıq edilərək açıq məkanda reklam yerləşdirilməsi halının aradan qaldırılması tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemindən çıxarışdan görünür ki, Şəxs 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatdadır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Maddənin tələbindən göründüyü kimi, şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Məhkəmə araşdırması zamanı X2 İdarəsi tərəfindən tərtib olunmuş 23 iyun 2025-ci il tarixli 001055 saylı yazılı göstərişin Şəxs təqdim olunması müəyyən olunmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş xəbərnamənin surətindən isə görünür ki, bildirişin əldə edilmə tarixi xx.xx.2025-ci il kimi qeyd edilmişdir. Bu da, inzibati xəta haqqında protkol tərtib edildiyi tarixdən sonrakı dövrdə bildirişin təqdim edilməsi kimi qiymətləndirilməlidir. Bundan başqa, Şəxs məkəmə iclası zamanı xəbərnamələr təqdim olunmuş və sonuncu xəbərnamələrdə olan imzanın ona məxsus olmadığını bildirmişdir. Qeyd olunanlardan göründüyü kimi, Şəxs X2 İdarəsi tərəfindən tərtib olunmuş 23 iyun 2025-ci il tarixli 001055 saylı yazılı göstərişi aldığı təsdiq olunmadığından, onun əməlində həmin göstərişin yerinə yetirlməməsinə görə inzibati xəta tərkibi yarana bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda başlanılmış icraata xitam verilir. Həmin Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə, məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar