Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-613/2024 03.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Saatlı RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Saatlı rayonu Nərimankənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Saatlı RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 02 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:20 radələrində Saatlı rayonu Nərimankənd kəndində ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edib, polisin qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 02 dekabr 2024-cü il tarixdə “Xəyal” şadlıq sarayında toy şənliyində iştirak etmişdir. Orada spirtli içki qəbul etmişdir. Toydan çıxdıqdan sonra kəndə getmişdir. Kənddə çayxananın qarşısında Elməddinlə rastlaşmışdır. Orada Elməddinə ona məxsus olan odunları nə üçün apardığını soruşmuşdur. Elməddin də onun odunlarını götürmədiyini bildirmişdir. O, da Elmədinin ünvanına söyüşlər söymüşdür. Sonra polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışdır. Əməlindən peşmandır. Göstərilənlərə əsasən məhkəmədən ona köməklik olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, vətən müharibəsi iştirakçısı olduğundan dövlət tərəfindən ona yandırmaq üçün odun verilmişdirr. O, da təxminən 1 ay əvvəl həmin odunları evinə aparmışdır. 02 dekabr 2024-cü il tarixdə saat təxminən 22 radələrində həmkəndlisi Şəxs kənddə çayxananın qarşısında ona yaxınlaşaraq onun odunlarını nə üçün apardığını soruşmuşdur. O da Azadiyə onun odunlarını aparmadığını bildirmişdir. Bundan sonra Azadi onun ünvanına nəlayiq söyüşlər söyərək təhqir etmişdir. Sonradan onlara polis əməkdaşları yaxınlaşmışdır. Azadi yenə də söyüş söyməyə davam etmişdir. Polis əməkdaşları Azadini sakitliyə dəvət etmişlər, lakin Azadi sakitləşməmişdir. Ona görə də, polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. O, da polis şöbəsinə getmişdir. Polis şöbəsində də, Azadi söyüşlər söymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Saatlı RPŞnin İTB-nin sahə rəisi, polis mayoru X4 02 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində Saatlı rayonu Nərimankənd kəndində xidmətdə olarkən insanların toplaşdığını görmüşlər. Onlara yaxınlaşdıqda şəxsiyyəti sonradan məlum olan Seyfullayev X1 Elməddin Kərəm oğlunu nəlayiq söyüşlərlə söydüyünü görmüşlər. Onlar Şəxs sakitliyə dəvət etsələr də, lakin o, sakitləşməmiş söyüş söməyə davam etmişdir. Onlar onu polis şöbəsinə dəvət etsələr də, o, polis şöbəsinə getməkdən imtina etmişdir. Onlar Şəxs xidməti avtomobilə oturdaraq polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində də, Şəxs söyüş söyməkdə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X7 digər şahid X3 izahatına uyğun izahat verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi, şahidləri dinləyərək və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:20 radələrində Saatlı rayonu Nərimankənd kəndində içkili halda ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edib, polisin qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlər ifadələri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarında olan Saatlı RPŞ tərəfindən vermiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat inzibati qaydada cərimə edilmişdir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi İXM-in 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 03 dekabr 2024-cü il tarixdən saat 00:50 dəqiqədə inzibati qaydada tutulmuşdur. Ona görə də, hesab edirəm ki, Şəxs həbs etmənin əvvəli 03 dekabr 2024-cü il tarixdən saat 00:50 dəqiqədən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 03 dekabr 2024-cü il tarixdən saat 00:50 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-613/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-613/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver