Məhkəmə qərarları › İş №3(055)-634/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-634/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-634/2025 11.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Saatlı rayon Heydərabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 29 iyul 2025-ci il tarixli, İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir, ondan ötəri ki, o, əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə 04 oktyabr 2024-cü il tarixli, EQ 23970636 saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Həmin inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Belə ki, cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın səhərisi günü şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə gününün əvvəli hesab edilir. Hazırkı iş üzrə cərimə qərarı 04 oktyabr 2024-cü il tarixdə qəbul edilib. Həmin tarixdən hesablanmaqla 20 günlük şikayətvermə müddətinin bitdiyi günün səhəri günü, yəni 25 oktyabr 2024-cü il tarixdə qərar qanuni qüvvəyə minir. Həmin günün səhəri günündən hesablanmaqla, 3 ay ərzində yəni 25 yanvar 2025-ci il tarixədək cərimə qərarı icra edilmədikdə, həmin tarixin səhəri günündən, yəni 26 yanvar 2025-ci il tarixdən hesablanmaqla şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır. Şəxs İXMnin 529.3-cü maddəsi ilə 4 ay ərzində inzibati məsuliyyətə cəlb edilə bildiyindən, həmin tarixdən hesablanmaqla 4 aylıq müddət 26 may 2025-ci il tarixdə bitir. Həmin tarixdən sonra inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün, şəxs hazırkı tarixdə İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da, İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın baş vermə günündən hesablanmaqla inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsinin baş verdiyi vaxtdan hesablanmaqla, hazırkı vaxtda artıq İXMnin 529.3-cü maddəsinə münasibətdə 04 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Həmçinin, İXM-nin 529.3-cü maddəsindəki inzibati xəta idarəçilik qeydləri əleyhinə olan inzibati xətadır, İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 03 aylıq müddətin bitdiyi günün səhəri günü İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın tərkibi yaranır. Bu zaman İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş protokol həmin səhəri gündən hesablanmaqla növbəti 04 ay müddətində tərtib edilə bilər. Bu sonuncu 04 ay müddət bitdikdən sonra, müddətin keçməsi ilə əlaqədar şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yəni, cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 07 ay keçdikdən sonra şəxs İXM-nin 38.1-ci maddəsindəki inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilir, ona görə də şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati iş üzrə icraat başlana bilməz, protokol tərtib edilə bilməz. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, hazırkı iş üzrə cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 07 aylıq müddət keçdiyindən, inzibati məsuliyyətdən azad olunmalı olan şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə qanunsuz olaraq protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Halbuki, İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 114.1-ci və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin səlahiyyətli orqanın diqqəti hazırkı qərarda qeyd edilənlərə, yəni müddət keçdiyi üçün inzibati məsuliyyətdən azad edilməli şəxs barəsində protokol tərtib edilərək məhkəməyə göndərilməsi ilə şəxsin hüquqlarının pozulduğu, buna görə də iş məhkəməyə göndərilənədək şəxsin bu hüququnun təmin edilməsi üçün həmin iş üzrə başlanmış icraata həmin orqanın özü tərəfindən xitam verilməli olduğuna cəlb edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48, 53, 114 və 128-130-cu maddərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Protokol tərtib etmiş səlahiyyətli orqanın diqqəti qərarda qeyd edilənlərə, inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra şəxs barəsində inzibati iş üzrə icraatın başlanıla bilməməsinə, protokol tərtib edilə bilməməsinə cəlb edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar