Məhkəmə qərarları › İş №3(055)-652/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-652/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-652/2025 01.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx xxxxxx 1976-cı il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı rayonu Əhmədbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 01 avqust 2025-ci il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli, 2(004)-230/2014 saylı icra vərəqəsinin icrası ilə bağlı cəmi 1600 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli, 2(004)- 230/2014 saylı icra sənədi üzrə borclu Şəxs 02 sentyabr 2013-cü il tarixdən başlayaraq iki uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimenti tələbkar X1 xeyrinə ödəməlidir. Şəxs üzərində ödənilməmiş qalan aliment borcuna görə Saatlı Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 3(055)-259/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib səkkiz gün müddətində inzibati qaydada həbs edilmiş və hazırki vaxtadək ödənilməli olan cəmi 1600 manat aliment borcu ödənilməmiş qalmış, həmçinin də icra məmurunun çağrışlarına gəlmədiyindən onun barəsində qəbul edilmiş axtarış elan edilməsinə dair qərar icra olunması üçün Saatlı rayon Polis Şöbəsinə göndərilmiş, bu gün Şəxs Saatlı Rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş və ondan izahat almış, lakin o, izahatında qeyd etmişdir ki, "xxxx" MMC-də rəsmi qaydada operator vəzifəsində işləməsinə baxmayaraq ona ödənilməli olan əmək haqqı ilə qalan aliment borcunu tam ödəyib qurtaracaq və hazırda da aliment borcundan 400 manat pulu tələbkara məxsus kart hesabına köçürmüşdür. Bundan sonra icra məmuru olaraq tələbkarla telefonla əlaqə saxlamış və tələbkar ona demişdir ki, bu gün aliment borcundan 400 manat borclu tərəfindən kartına köçürülmüşdür. Lakin, Şəxs icra sənədi üzrə qalan aliment borcunu tam ödəyə bilmədiyi üçün onun barəsində hazırki inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli, 2(004)-230/2014 saylı icra sənədinə əsasən iki nəfər uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün tələbkar X1 xeyrinə hər ay 200 manat sabit məbləğdə aliment ödəməlidir. İşləmədiyi üçün alimenti ödəyə bilməmişdir. 2025-ci ilin may ayından Xocavənd rayonu ərazisində "xxxx" MMC-də rəsmi qaydada operator vəzifəsinə təyin edildikdən sonra icra məmuru alimentin tutulması üzrə icra sənədini onun əmək haqqısına yönəldilməsi üçün işlədiyi "xxxx" MMC-yə göndərmiş, lakin müəssisə yeni işə başladığından ona ödənilməli olan əmək haqqı gecikdirildiyindən alimentin tutulması mümkün olmamışdır. İşlədiyi müəssisəsinin rəhbərliyi onu əmin etmişdir ki, yaxın günlərdə müəssisə tam gücü ilə işləyəcək və əmək haqqısı ödəniləcəkdir. O, bundan sonra tələbkara borclu olduğu 1600 manat alimenti tam şəkildə ödəyə bilməsə də, bu gün aliment borcundan 400 manat pulu tələbkara məxsus 5522********0962 kart hesabına köçürmüş, 15-20 gün müddətində də qalan aliment borcunu tam ödəyib qurtaracağına söz verir. Ona görə də məhkəmədən ona köməklik edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli, 2(004)-230/2014 saylı icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs 02 sentyabr 2013-cü il tarixdən başlayaraq hər ay iki uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X1 xeyrinə ödəməlidir. İş materiallarına əlavə edilmiş Saatlı Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 3(055)-259/2025 saylı inzibati xəta haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli, 2(004)-230/2014 saylı icra vərəqəsi üzrə borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş 05 may 2025-ci il tarixli arayışdan və elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, Səmədov X4 rayonu ərazisində "xxxx" MMC-də operator vəzifəsində işləyir. Əmək haqqı 700 manatdır. İş materiallarına əlavə edilmiş 01 avqust 2025-ci il tarixli ABB-nin ödəniş qəbzlərindən görünür ki, Şəxs ümumilikdə 400 manat pulu 5522********0962 kart hesabına köçürmüşdür. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinin və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə yaranır. İş materiallarından görünür ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli, 2(004)-230/2014 saylı icra sənədi üzrə üzrə aliment borcundan 400 manat ödəniş etmiş, 15-20 gün müddətində qalan borcunu rəsmi qaydada işlədiyi "xxxx" MMC-dən aldığı əmək haqqı ilə tam ödəyib qurtaracağına söz vermişdir. Belə olan halda icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar