Məhkəmə qərarları › İş №3(055)-655/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-655/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-655/2023 16.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 09 iyul 1966-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı ərazi vergilər idarəsində baş dövlət vergi müfəttişi vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Saatlı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə 05 iyun 2023-cü il tarixli qərarda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı ərazi vergilər idarəsində baş dövlət vergi müfəttişi vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs sayğacdan kənar birləşmə vasitəsi ilə içməli sudan qeyri-qanuni istifadə etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3204 manat ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hal-hazırda Dövlət Vergi Xidmətinin 5 saylı ərazi vergilər idarəsində baş dövlət vergi müfəttişi vəzifəsində işləməklə ünvan 1 ünvanda yaşayır. Barəsində olan Saatlı rayon Prokurorluğunun inzibati xəta haqqında 05 iyun 2023-cü il tarixli qərarda göstərilənlərlə qismən razıdır. Belə ki, o yazılı müraciət etməsə də, su idarəsinin işçilərinə dəfələrlə demişdir ki, onun Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 23 saylı evinə gələn içməli su xəttinə sayğac quraşdırılsın, lakin həmin su sayğacı quraşdırılmadığı üçün təxminən 3-4 ay müddətində yaşadığı evdə və təqribən 30 sot olan həyətyanı torpaq sahəsində içməli sudan sayğacsız istifadə etmişdir. "xxxx" ASCnin 4 nömrəli Regional Sukanal İdarəsinin 18 may 2023-cü il tarixli, 101692 saylı aktında isə guya onun tərəfindən içməli su xidmətindən qeyri-qanuni istifadə edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3204 manat ziyan vurulması göstərilmişdir. Halbuki, onun sayğacsız istifadə etmiş olduğu su 1600 manat məbləğində ancaq olmuşdur. Bütün bunlara baxmayaraq vurmuş olduğu 1600 manat ziyanı ödədiyindən hazırda "xxxx" ASC ondan şikayətçi deyildir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq ona köməklik edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan olunmuş "xxxx" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin 18 may 2023-cü il tarixli, 101692 saylı aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 4 nömrəli Regional Sukanal idarəsinin əməkdaşları tərəfindən Saatlı şəhəri, M.F.Axundov küçəsi, ev 23-də yaşayan Şəxs iştirakı ilə həyatyanı sahəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, abonent sayğacdan kənar birləşmə vasitəsi ilə qanunsuz olaraq sudan istifadə edir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 05 iyun 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi və inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətlərinin olmaması əsası ilə cinayət işi başlanılması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Həmçinində həmin qərardan görünür ki, Şəxs sudan qanunsuz istifadə etməsi nəticəsində "xxxx" ASC-yə vurduğu zərəri ödəmiş, tərəflər arasında razılaşma əldə edilmiş və "xxxx" ASC-nin şikayət və tələbi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən vurulmuş ziyanın əvəzini könüllü ödəməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəzifəli şəxs olsa da, yaşadığı Saatlı şəhəri, M.F.Axundov küçəsi, ev 23-də sayğacdan kənar birləşmə vasitəsi ilə içməli sudan fiziki şəxs kimi qeyri-qanuni istifadə etdiyindən, yəni inzibati xətanı fiziki şəxs kimi törətdiyindən o təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin sanksiyası həddində fiziki şəxs olaraq cəzalandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: 09 iyul 1966-cı il təvəllüdlü, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə edilsin. Qərarın sürəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar