Məhkəmə qərarları › İş №3(055)-657/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-657/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-657/2025 05.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1999-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı şəhəri M.V.Vidadi küçəsi, ev 18-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 05 avqust 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı rayon notariat ofisinin 25 aprel 2025-ci il tarixli, 8i-1793 nömrəli icra qeydinə əsasən 5000 manat borcunu ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı rayon notariat ofisinin 25 aprel 2025-ci il tarixli, 8i-1793 nömrəli icra qeydi üzrə olan 5000 manat borcunu tələbkar Zərərçəkmiş şəxs xalası oğlunun adına olan kart hesabına ödəmiş, lakin bu gün icra məmuru ona izah etmişdir ki, etdiyi ödənişlər tələbkara verilməmişdir. Hal-hazırda etdiyi ödənişlərin tələbkara verilməsini sübut edən müvafiq sənədi də məhkəməyə təqdim edə bilmir. Odur ki, Saatlı rayon notariat ofisinin 25 aprel 2025-ci il tarixli, 8i-1793 nömrəli icra qeydi üzrə olan borcunu nə tam, nədə hissə-hissə qaytarmaq iqtidarında deyildir. İşləyəndə və maddi vəziyyəti yaxşı olanda tələbkara olan borcunu qaytara bilər. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Saatlı rayon notariat ofisinin 25 aprel 2025-ci il tarixli, 8i-1793 nömrəli icra qeydindən görünür ki, borclu Şəxs 5000 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Saatlı rayon notariat ofisinin 25 aprel 2025-ci il tarixli, 8i-1793 nömrəli icra qeydi 29 aprel 2025-ci il tarixdə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borclu Şəxs 10 gün müddət verilmişdir. İş materiallarında olan 02 iyun 2025-ci il tarixli aktdan görünür ki, Saatlı rayon notariat ofisinin 25 aprel 2025-ci il tarixli, 8i-1793 nömrəli icra qeydinin icrası ilə bağlı borclu Şəxs əmlakına baxış keçirilmiş və heç bir əmlak aşkar olunmamışdır. İş materiallarında olan Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Novruzovun borclunun məcburi gətirilməsi barədə 08 iyul 2025-ci il tarixli qərarından görünür ki, xx xxxx 1999-cu il təvəllüdlü, Saatlı şəhəri M.V.Vidadi küçəsi, ev 18-də qeydiyyatda olan Şəxs Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Saatlı rayon notariat ofisinin 25 aprel 2025-ci il tarixli, 8i-1793 nömrəli icra qeydi üzrə 5000 manat borcu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün qismən etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 05 avqust 2025-ci il tarixdən saat 15:40 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar