Məhkəmə qərarları › İş №3(055)-666/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-666/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-666/2023 16.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 16 iyun 2023-cü il tarixli MN № ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 18 may 2023-cü il tarixdə saat 23:50 radələrində Saatlı-Becar mənzilinin 97-ci kilometrliyinin 10-cu piketində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus ümumilikdə 252.30 manat dəyərində 10 metr uzunluğunda “MKBAB 7x4” markalı kabeli oğurlayaraq özgə əmlakını talamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 18 may 2023-cü il tarixdə saat 23:50 radələrində Saatlı rayonu ərazisində “Veterok” adlanan restoranın yaxınlığından keçən dəmiryolunun kənarı ilə hərəkət edərkən dəmiryolunun kənarında olan kabeli qıraraq aparmış və həmin kabeli əridərək metal qəbul edən şəxslərə 9.50 manata satmışdır. Əldə etmiş olduğu 9.50 manat pulu ərzağa xərcləmişdir. Heç bir yerdə işləmir, səhhəti ilə əlaqədar ikinci qrup əlildir. Hazırda əməlindən peşmandır. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş 30 may 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 7 nömrəli İmişli İaşrəvermə və Rabitə Sahəsinin rəhbərliyinin Saatlı-Becar mənzilinin 97-ci kilometrliyinin 10-cu piketində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 10 metr uzunluğunda “MKBAB 7x4” markalı kabelin oğurlanması faktı ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 18 may 2023-cü il tarixdə saat 23:50 radələrində Saatlı-Becar mənzilinin 97-ci kilometrliyinin 10-cu piketində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 10 metr uzunluğunda “MKBAB 7x4” markalı kabeli oğurlayaraq özgə əmlakını talamaqla zərər çəkmiş şəxsə ümumilkdə 252.30 manat məbləğində ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün səmimi etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ikinci qrup əlil olması, törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin dispozisiyasına görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama həmin maddə ilə inzibati məsuliyyətə səbəb olur və yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir İşdə olan və məhkəmə iclasında elan edilmiş Şəxs barəsində olan əlillik dərəcəsinin müəyyən edilməsi haqqında sənəddən görünür ki, Şəxs “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, M.S.S-nin üzvi xəstəliyi nəticəsində tez-tez baş verən qıcolma tutmaları (anamnezində 15-18 dəfə) kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, yaddaş və intellektin enməsi, başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya” diaqnozu ilə ikinci qrup əlilliyi olan şəxsdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ictimai işlər növündə tənbeh tətbiq edilə bilməz Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinin tələbini və xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb ona aşağı həddə inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar