Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-669/2023 03.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 13 iyun 2023-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 13 iyun 2023-cü il tarixdə Saatlı rayonunun Əlisoltanlı kəndində yaşayan Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan yaşadığı evdə saxladığı TOZ-18 markalı, 16 çaplı, A-29164, yivsiz tək lüləli ov tüfəngi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı rayonunun Əlisoltanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Babasından qalmış TOZ-18 markalı, 16 çaplı, A-29164 nömrəli, yivsiz tək lüləli ov tüfəngini evində saxlamış, lakin həmin silahın müvafiq sənədi olmamışdır. 13 iyun 2023-cü ildə Saatlı Rayon Polis Şöbəsinin polis əməkdaşları həmin silahı ondan götürərək izah etmişlər ki, sənədsiz silahı evində saxladığı üçün onun barəsində müvafiq qaydada inzibati protokol tərtib ediləcəkdir. Həmin silah babasından ona miras qaldığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialda olan sübutları tədqiq edir və inzibati xəta haqqında işə obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müvafiq sənədi olmayan 1952-ci il buraxılışlı, xarici markalı, TOZ-18 markalı, 16 çaplı, A-29164 nömrəli, yivsiz tək lüləli ov tüfəngi 13 iyun 2023-cü il tarixdə Saatlı rayonunun Əlisoltanlı kəndində Şəxs yaşadığı evdən aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün qismən etirafedici izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respulikası Qanununun 14-cü maddəsinin 1- 2-ci bəndlərinə görə vətəndaş qanuni əsaslarla mülkiyyətində olan mülki silahı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını əvvəlcədən xəbərdar etməklə mülki silahı əldə etmək üçün xüsusi icazəsi olan şəxsə bağışlaya və ya vəsiyyətlə miras qoya bilər. Qanun üzrə vərəsəlik hallarında mülki silahı miras almış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o üç ay ərzində həmin icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür xüsusi icazə verilməzsə, o bir ay müddətində həmin silahı ya bağışlamalı, ya müvafiq icra hakimiyyəti orqanına təhvil verməli və ya satmalıdır. Odur ki, məhkəmə Şəxs ondan aşkar olunmuş ov tüfənginin babasından yadigar qalmaqla miras əmlak olması və bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə izahatında göstərdiyi xüsusatları özünü müdafiə məqsədilə verilmiş hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimənin aşağı həddinin tətbiq edilməsini, TOZ-18 markalı, 16 çaplı, A- 29164 nömrəli, yivsiz tək lüləli ov tüfəngi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan TOZ-18 markalı, 16 çaplı, A-29164 nömrəli, yivsiz tək lüləli ov tüfəngi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-669/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-669/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver