Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-673/2025 07.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 29 avqust 1996-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsində gözətçi işləyən, ünvan 1-da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 07 avqust 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 12 iyul 2025ci il tarixdə saat 17 radələrində yaşadığı Saatlı şəhəri H.Əliyev prospektində yerləşən 140 saylı evinin küçəsində şəxsi münasibətlər zəmnində qonşusu Zərərçəkmiş şəxs qarın nahiyəsinə təpiklə bir dəfə vuraraq qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Saatlı şəhəri H.Əliyev pr yerləşən 140 saylı evdə yaşayır. 12 iyul 2025-ci il tarixdə saat 17 radələrində yaşadığı evin küçəsində səsə yuxudan ayılmış və küçəyə çıxmış, orada qonşusu Zərərçəkmiş şəxs anası ilə mübahisə etdiyini görmüş və buna görə Surxayın qarın nahiyəsinə bir dəfə təpiklə vuraraq onu döymüşdür. Hal-hazırda da etdiyi əməldən peşmandır və zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmaq istəmiş, lakin zərərçəkmiş şəxs onunla barışmamışdır. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs qonşusudur. Onların həyətyanı torpaq sahələrini daş hasar ayırır və həmin hasarı Elşənin atası Namiq Şahmarov hördürmüşdür. 12 iyul 2025-ci il tarixdə təxminən saat 17 radələrində özünün hətəyanı torpaq sahəsinə aid hissədə həmin daş hasarda iki nəfər ustaya təmir işləri gördürərkən Elşənin anası Kəmalə oraya gələrək Saatlı şəhəri H.Əliyev prospektindəki küçədə ustaların işləməsinə mane olmağa başlamış, o, Kəmaləni başa salmağa çalışmışdır ki, hasarı uçurmur, sadəcə olaraq təmir etdirir. Lakin, Kəmalə onu təhqir etməyə başlamış, israrla gördüyü işi dayandırmağı tələb etmiş, sonra əri Namiq küçəyə gəmiş, o da onunla mübahisə etmiş, həmin vaxt Şəxs da küçədə onun üstünə yeriyərək heç bir söz soruşmadan təpiklə qarın nahiyəsinə vurmuş, arvadının və azyaşlı uşaqlarının yanında onu ağır söyüşlərlə söyməyə başlamışdır. O da, həmin vaxt əsəbləşərək qonşusu Elşən tərəfindən döyülməsi barədə DİN “102” xidmətinə zəng edərək məlumat vermişdir. Aldığı zərbədən bir həftə yataq xəstəsi olmuş və hazırda da Elşənin atası onunla barışmaq əvəzinə ona qarşı ədavətini davam etdirir və daş hasarı uçuracağını bildirir. Şəxs ilə barışmamışdır. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X2 Şəxsin Sabirabad rayon şöbəsinin 13 iyul 2025-ci il tarixli 127saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qarının ön aşağı qasıq proyeksiyasında qançır küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 12 iyul 2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 22 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Saatlı Rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Polis Şöbəsinin 07 avqust 2025-ci il tarixli, 102/2-1583 saylı arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan edilmiş elekton məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, Şəxs “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsində gözətçi işləyir və hərbi xidmət dövründə xəstələnməyə görə İİİ qrup əlildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 12 iyul 2025-ci il tarixdə saat 17 radələrində yaşadığı Saatlı şəhəri H.Əliyev prospektində yerləşən 140 saylı evinin küçəsində şəxsi münasibətlər zəmnində qonşusu Zərərçəkmiş şəxs qarın nahiyəsinə təpiklə bir dəfə vurmaqla qəsdən döyərək sonuncuya dərəcəsi təyin edilməyən və sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni iki ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 07 avqust 2025-ci il tarixdən saat 16:20 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(055)-673/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-673/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver