Məhkəmə qərarları › İş №3(055)-675/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-675/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-675/2025 08.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1964-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı şəhəri 28 may, ev 26-da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 08 avqust 2025-ci il tarixli MN № ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 avqust 2025-ci il tarixdə Saatlı şəhəri 28 may, ev 26-da yaşadığı evin həyətində digər qonşuların eşidəcəyi uca səslə qonşuları Şahid2, Şahid1, azyaşlı uşaqların və Şahid3 ünvanına nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 2019-cu ildə arvadı vəfat etmiş, uşaqları isə onu ataraq Bakı şəhərində yaşayırlar. Hazırda 62 yaşındadır və Saatlı şəhəri 28 may, ev 26-da tək yaşayır. Arvadının vəfat etməsindən və oğlunun İİ Qarabağ müharibəsində iştirak etməsindən sonra əsəblərində gərginlik yaranmışdır. Qonşusu Şahid2 həytində olan sexdə yandırılmış təkərin tüstüsü, boyadığı qapıların iyi, azyaşlı uşaqlarının səs-küyü onu narahat edir. Bu səbəbdən qonşuları Yusif, Astan və Sahibə ilə aralarında tez-tez söz-söhbətləri olur və həmin vaxt əsəbləşərək onları və uşaqlarını nalayiq söyüşlərlə söyür. O etdiyi bu hərəkətləri 5-6 il deyil, son 2-3 aydır edir və bundan sonra etməyəcəyinə söz verir. Ona görə də məhkəmədən ona köməklik olunmasını xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, Şəxs ilə çəpər qonşusudurlar. Şəxs 6 ildir ki, əri Yusifi, onu və hazırda da azyaşlı uşaqlarını həyətlərində yaşamağa imkan vermir. Dəfələtlə ərini, qaynı Astanı, azyaşlı uşaqlarını küçə söyüşləri ilə söyüb təhqir edir. Onun bu hərəkətlərinə uzun illər dözmüş, hətta Fərəcullanın hərəkətlərindən bezərək onun yaxın qohumlarına şikayət etmiş, amma heç bir müsbət nəticə əldə etməmişdir. O, Fərəcullanının nalayiq söyüşlərinə görə uşaqlarını ondan qorumaq üçün gecə vaxı həyətə düşəndə işığı söndürür. Sonuncu dəfə 04 avqust 2025-ci ildə səhər saatlarında Fərəculla yenə də həyətində digər qonşuların eşidəcəyi uca səslə onu, ərini, uşaqlarını söyüb təhqir etdiyindən əri Yusif DİN “102” xidmətinə zəng edərək Fərəculladan şikayətçi olduğunu bildirdi. Bundan sonra Saatlı RPŞ-nin əməkdaşları onların həyətinə gələrək onlardan izahat aldılar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, uzun illərdir Şəxs ilə qonşuluqda yaşayır. Son altı il müddətində aralarında narazılıq olmamışdır. Lakin, 2019-2020-ci ildən etibarən Fərəculla heç bir əsaslı səbəb olmadan dəflərlə onu, arvadını, azyaşlı uşaqlarını söyüb təhqir etmiş, ona hərəkətlərinə son qoymağı dedikdə isə heç bir əhəmiyyət verməyərək daha pis söyüş və hərəkətlər edir. Ona görə də Şəxs bu hərəkətlərinə son qoyulması üçün 04 avqust 2025-ci il tarixdə DİN “102” xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 digər şahidlərin izahatlarına uyğun izahat verərək Şəxs qanunsuz hərəkətlərinə son qoyulmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Saatlı şəhəri 28 may, ev 26-da yaşadığı evin həyətində digər qonşuların eşidəcəyi uca səslə qonşuları Şahid2, Şahid1, azyaşlı uşaqların və Şahid3 ünvanına nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün qismən etirafı, şahidlərin ifadələri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni on beş günədək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 08 avqust 2025-ci il tarixdən saat 18:15 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar