Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-678/2023 13.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, Azərbaycan Respublikası DİN Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis kiçik serjantı X10 tərəfindən qəbul edilmiş 17 iyun 2023-cü il tarixli TP-5800056 saylı qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis kiçik serjantı X6 17 iyun 2023-cü il tarixli TP-5800056 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 17 iyun 2023cü il tarixdə saat 09:30-da nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. X5 şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis kiçik serjantı X6 17 iyun 2023-cü il tarixli TP-5800056 saylı qərarının ləğv edilməsini, cərimə hesablanmasının dayandırılmasını və Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis kiçik serjantı X10 tərəfindən qulluq mövqeyindən istifadə etdiyinə görə barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, “Mersedes Benz E-220” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etsə də, həmin avtomobil onun arvadının adına olmuş və birgə nikah dövründə əldə edilmişdir. Birgə nikah dövründə əldə edilmiş əmlak ər və arvadın birgə mülkiyyəti sayıldığına görə hesab edir ki, həmin avtomobili etibarnamə olmadan sürməsində heç bir qanun pozuntusu yoxdur. Ona görə də, Sumqayıt şəhər DYPŞ-nin patrul xidməti inspektoru polis kiçik serjantı X6 17 iyun 2023-cü il tarixli TP-5800056 saylı qərarının ləğv edilməsini, Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis kiçik serjantı X10 tərəfindən qulluq mövqeyindən istifadə etdiyinə görə barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməsini xahiş etmişdir. Sumqayıt şəhər DYPŞ-nin YPX nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması, eləcə də şikayətə dair özünün mülahizə və vəsatəti məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 17 iyun 2023-cü il tarixli TP-5800056 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 17 iyun 2023-cü il tarixdə saat 09:30-da nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X9 arasında 3 saylı Bakı ASAN Xidmət mərkəzində xx.xx.2018-ci ildə qeyə alınmış 4521 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz E-220” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.1); inzibati xəta törətmiş şəxs (75.0.2); inzibati xəta törətməkdə şəxsin təqsiri (75.0.3); inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar (75.0.4); inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı (75.0.5); inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar (75.0.6); işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (75.0.7). Həmin Məcəllənin 332.1-ci maddəsinə görə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1.1-ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31.1-31.3-cü maddələrinə əsasən ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası İXM-nin 1.3-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, nə qədər ki, şəxsin hər hansı bir əmlaka mülkiyyət hüquqları (sahiblik, istifadə və sərəncam) dövlətin müvafiq orqanı tərəfindən qeydə alınmayıb və hüquq müəyyənedici rəsmi sənədlə rəsmiləşdirilməmişdirsə, həmin şəxs özünü bu və ya digər əmlakın mülkiyyətçi kimi təqdim edə bilməz və ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydadan kənar istifadə edə bilməz və razılıq yalnız müvafiq sənədlə təsdiq olunmalıdır.Hazırkı halda Teymur Güləliyevin idarə etdiyi avtomobilin onun mülkiyyətində olmasını təsdiq edən və yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququnun olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında işüzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası DİN Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis kiçik serjantı X10 tərəfindən qəbul edilmiş 17 iyun 2023-cü il tarixli TP-5800056 saylı qərar əsaslı olduğu üçün X2 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d i: Azərbaycan Respublikası DİN Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis kiçik serjantı X10 tərəfindən qəbul edilmiş 17 iyun 2023-cü il tarixli TP-5800056 saylı qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-678/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-678/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver