Məhkəmə qərarları › İş №3(055)-691/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-691/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-691/2025 13.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1984-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Saatlı şəhəri O.Rzayev küçəsi, ev 27də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 13 avqust 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 20 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində Saatlı şəhər H.Əliyev prospektində az miqdarda təmiz çəkisi 0,94 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan üstündə saxlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 20 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində Saatlı şəhər H.Əliyev prospektində piyada hərəkət edərkən Saatlı rayon polis əməkdaşları ona yaxınlşaraq özlərini təqdim edib, onu polis şöbəsinə gətirmişlər. Orada onun üzərinə baxış keçirilən zaman satış məqsədi olmadan üzərində olan az miqdarda 0,94 qram narkotik vasitə olan qurudulmuş marixuanana polis əməkdaşı tərəfindən aşkar edilərək götürülmüşdür. Həmin vaxtdan sonra Bakı şəhərində yaşadığı üçün polislərin çağrışına gəlməmişdir. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verərək ona köməklik edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. Həmçinin həmin qərarda qeyd edilmiş məhkəmə-bioloji ekspertizasının 21 oktyabr 2024-cü il tarixli 18/865 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Məhəmməd Atakişiyevin təqdim etdiyi...” sözləri və imzaları olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,94 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Saatlı RPŞ-yə məsul saxlanışa verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 21 oktyabr 2024-cü il tarixli, 1\9711 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs marixuanadan istifadə etməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Saatlı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X2 xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında 08 noyabr 2024-cü il tarixli qərardaddan və protokollardan görünür ki, Saatlı şəhəri O.Rzayev küçəsi, ev 27-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Eyni zamanda polis mayoru Rövşən Hüseynov dəfələrlə Saatlı şəhəri O.Rzayev küçəsi, ev 27-də yaşayan Şəxs yaşadığı evdə olmadığından inzibati araşdırmanı davam etdirə bilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 20 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində saatlı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və satış məqsədi olmadan onun üzərində olan az miqdarda 0,94 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 1ci siyahıya əsasən qurudulmuş marixuananın (kannabisin) xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qramdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi və saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın (kannabisin) təmiz çəkisi 5 qramdan az olmuşdur, yəni aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın (kannabisin) çəkisi xeyli miqdardan az olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasına görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. Həmin Məcəllənin 206-cı maddəsinin qeyd hissəsinin ikinci bəndinə əsasən bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi müəyyən olunub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni iki ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə olan 0,94 qram qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 13 avqust 2025-ci il tarixdən saat 17:40 dəqiqədən hesablansın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə olan 0,94 qram qurudulmuş marixuana məhv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar