Məhkəmə qərarları › İş №3(055)-715/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-715/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-715/2023 20.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş 23 iyun 2023-cü il tarixli 00100-01605/23 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olan “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına JG569GJ/AA953V nömrəli nəqliyyat vasitəsi ilə 04 aprel 2023-cü il tarixdə saat 08:40 radələrində “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilənədək qanunla müəyyən edilmiş qaydada elektron formada qısa idxal bəyannaməsi gömrük orqanına verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin 18 may 2023-cü il tarixli 34/012/013883 nömrəli raportundan görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) adına 04 aprel 2023-cü il tarixdə JG569GJ/AA953V nömrə nişanlı nəqliyyat vasitələri ilə ölkə ərazisinə daxil olan və **********9267 sorğu nöməli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib olunmamşdır. İş materiallarına əlavə olunmuş Dövlət Gömrük Komitəsinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” İnformasiya resursundan “malın çatdırılması və boşaldılması”na dair çıxarışdan görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) adına **********9267 sorğu nöməli gömrük bəyannaməsi ilə bəyan olunan yük JG569GJ/AA953V nömrə nişanlı nəqliyyat vasitəsi ilə 04 aprel 2023-cü il tarixdə saat 08:40 radələrində “Qırmızı körpü” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuş, lakin həmin yük üçün qısa idxal bəyannaməsi tərtib olunmamşdır. İş materiallarına əlavə olunmuş Dövlət Gömrük Komitəsinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” İnformasiya resursuna baxış keçirilməsi haqqında 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Baş Gömrük İdarəsinə 05 aprel 2023-cü il tarixli **********9267 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar JG569GJ/AA953V nömrəli nəqliyyat vasitəsi ilə 04 aprel 2023-cü il tarixdə saat 08:40 radələrində “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. İş materiallarına əlavə olunmuş 23 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X3 “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X4 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X4 JG569GJ/AA953V nömrəli nəqliyyat vasitəsi ilə Türkiyədə qeydiyyatda olan “STK X5 İmalat Sanayi Ticaret Limited Şirketi” şirkətindən “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına daxil olan və Bakı Baş Gömrük İdarəsində **********9267 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün mallar gömrük ərazisinə daxil olmamışdan qabaq gömrük orqanına təqdim edilməli olan qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim edilmədiyini, bundan xəbərdar olduğunu, izahat vermək üçün 23 iyun 2023cü il tarixdə saat 10:00 radələrində Bakı Baş Gömrük İdarəsinə gələcəyini bildirmiş, lakin gəlməmiş, həmçinin həmin tarixdə ona dəfələrlə zəng edilsə də, telefonu açmamış və gəlməyəcəyi ilə bağlı məlumat verməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İş materiallarından göründüyü kimi, JG569GJ/AA953V nömrəli nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasından 04 aprel 2023-cü il tarixdə saat 08:40 radələrində “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallar barədə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməli olduğu halda, həmin mallar **********9267 nömrəli, 05 may 2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, qısa idxal bəyannaməsi isə gömrük orqanına verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar