Məhkəmə qərarları › İş №3(055)-719/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-719/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-719/2025 20.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1984-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 19 avqust 2025-ci il tarixdə saat 21:00 radələrində Saatlı rayonu ərazisində yerləşən Səma şadlıq sarayının həyətində ətrafda olan insanların yanında nalayiq söyüşlər söyüb ictimai asayişi pozaraq, xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 20 avqust 2025-ci il tarixli MN № ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, X4 19 avqust 2025-ci il tarixdə Saatlı rayonu ərazisində yerləşən Səma şadlıq sarayının həyətində xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı rayon Polis Şöbəsinin əməkdaşları Saatlı rayon Polis Şöbəsinə raportla müraciət etmiş və onun tərəfindən X1 barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 19 avqust 2025-ci il tarixdə gecə saatlarında Səma şadlıq sarayında iştirak etdikləri toy məclisində yeyib içmişlər. Onlar şadlıq sarayının həyətində olarkən o, qardaşı Nəsib Hüseynovun sərxoş vəziyyətdə olduğunu, özünü idarə edə bilmədiyini görüb ona evə getməsini bildirsə də, qardaşı nalayiq söyüşlər söyərək evə getməkdən imtina etmiş, buna görə də, aralarında mübahisə yaranmışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşaraq ictimai yerdə səs-küy salmamalarını, nalayiq söyüşlər söyməmələrni xahiş etsələr də, onlar buna əməl etməmişlər, polisin qanuni tələblərinə qəsdən tabesizlik göstərmişlər və ətrafdakı insanların diqqətini özlərinə cəlb etmişlər. Buna görə də, polis əməkdaşları onları məcburi qaydada polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyü manqa komandiri X2 izahatında göstərdi ki, 19 avqust 2025-ci il tarixdə saat 21:00 radələrində Saatlı RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Ruslan Səmədzadə və PPXB-nin polis nəfəri, polis serjantı Orxan Şirinovla birlikdə Saatlı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən iki nəfər şəxsin orada ucadan ünvansız nalayiq ifadələr işlətdiklərini, ictimai qaydanı pozduqlarını müəyyən etdiklərini bildirdi. Daha sonra onlar həmin şəxslərə yaxınlaşaraq onları nizam-intizama dəvət etsələr də, həmin şəxslər onların qanuni tələblərinə əməl etməyərək ünvansız nalayiq ifadələr işlətməyə davam etmişlər. Onlar həmin şəxsləri məcburi qaydada Saatlı Rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidi dinləyərək və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 19 avqust 2025-ci il tarixdə saat 21:00 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən Səma şadlıq sarayının həyətində ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol, şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Şərh olunan maddələrin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində tənbeh olunmalıdır. İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və sair bu kimi digər halları nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 20 avqust 2025-ci il tarixli, AZA № 018221 saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 20 avqust 2025-ci il tarixdə saat 00:10-da inzibati qaydada tutulmuş, 20 avqust 2025-ci il tarixdə saat 15:00-da azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, Şəxs tətbiq ediləcək inzibati cərimənin məbləği İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan iki yüz manatın dörddə üçündən, yəni 150 manatdan artıq olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar