Məhkəmə qərarları › İş №3(055)-74/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-74/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-74/2025 08.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1970-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, X2 Sistemlərin İstismarı idarəsində fəhlə işləyən, Saatlı rayonu Gomuşçu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 08 yanvar 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 24 oktyabr 2024-cü il tarixdə Saatlı rayon Gomuşçu kəndində çöl sahəsində şəxsi münasibətlər zəmnində həmkəndlisi Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Ədavət və düşmənçiliyi olmamışdır. O, vəzifəsi ilə əlaqədar X2 Sistemlərin İstismarı idarəsinin balansında olan Gomuşçu kəndinə yerləşən bağa nəzarət edir.Zərərçəkmiş şəxs özünə məxsus heyvanları bağa saldığından sonuncuya dəfələrlə buna görə irad bildirmişdir.24 oktyabr 2024-cü il tarixdə yenə də Müşfiqin qoyunları həmin bağa saldığını görüb Müşfiqin qarşısını kəsmiş və şikayət edəcəyini bildirmişdir. Bu zaman Müşfiq ürəyinin ağrımasını bəhanə gətirib özünü yerə vurmuşdur. O da Müşfiqin onu şərləyəcəyindən ehtiyat edib Müşfiqdən çıxıb getməsini tələb etmiş, sonuncu ayağa qalxıb qoyunları da özü ilə aparmışdır. Bir daha bildirir ki, həmin vaxt Müşfiqi döyməmiş, xəsarət yetirməmişdir. Güman edir ki, Müşfiq özünü yerə çırpdığına görə xəsarət almışdır. Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, rəsmi iş yeri yoxdur, hər gün təxminən 70 baş qoyun-quzunu çöl sahəyə otarmaq üçün aparır. Şəxs da həmkəndlisidir. Onunla ədavət və düşmənçiliyi olmamışdır. 24 oktyabr 2024-cü il tarixdə heyvanları çöl sahəsində otarıb evə gətirən zaman drenaj kollektorunun yaxınlığında olan bağın qarşısından keçmişdir. Həmin vaxt bağın qarşısında dayanan Nuru İhmədov onu görüb söyüş söymüş və əlindəki bel ilə onun sol qabırğa nahiyəsinə, daha sonra isə yumruqla vuraraq xəsarət yetirmişdir. O da huşunu itirib yerə yıxılmışdır. Özünü birtəhər toplayıb ayağa qalxmış və evə gəlmişdir. Daha sonra isə arvadı Samirə DİN-in 102 xidmətinə zəng edib şikayət etmişdir.Hal-hazırda Nur ilə barışmamışdır, şikayətçidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin 25 oktyabr 2024-cü il tarixli 257 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət-sağ almacıq sümüyü proyeksiyasında sıyrıq, sol bazunun yuxarı 1/3-də bayır səthdə qançır küt əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 24 oktyabr 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarət müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş 23 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-ə verilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 24 oktyabr 2024-cü il tarixdə Saatlı rayon Gomuşçu kəndində çöl sahəsində şəxsi münasibətlər zəmnində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirməklə dərəcəsi təyin edilməyən, sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri zərərçəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müharibə veteranı olması onun məsuliyyətini yüngülləşdirən haldır, məsuliyyəti ağırlaşdırılan hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar