Məhkəmə qərarları › İş №3(055)-741/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-741/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-741/2025 28.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1976-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı şəhəri, Nəsimi kücəsi, ev 30 yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 28 avqust 2025-ci il tarixli, MN №2088497 saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Nağıyev X1 Rayon Məhkəməsinin 22 avqust 2023-ci il tarixli, 2(012)-2530/2023 saylı icra sənədi ilə bağlı 26000 manat və Saatlı Rayon Dövlət Notariat Ofisinin 8İ-3872 nömrəli 18 sentyabr 2024 tarixli icra sənədi ilə bağlı 2000 manat pul məbləği, cəmi 28000 manat borc pul məbləğini ödəməyərək icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 22 avqust 2023-ci il tarixli, 2(012)-2530/2023 saylı icra sənədi ilə bağlı 26000 manat pul məbləği Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi MƏD-3,KOR-140,ev 26A ünvanında yaşayan Zərərçəkmiş şəxs1 və Saatlı Rayon Dövlət Notariat Ofisinin 8İ-3872 nömrəli 18 sentyabr 2024 tarixli icra sənədi ilə bağlı 2500 manat pul məbləği isə Xaçmaz rayonu Çinartala kəndində yaşayan Zərərçəkmiş şəxs2 olmaqla cəmi 28500 manat borc pul məbləği tələbkarlara ödənilməlidir. O bildirdi ki, Şəxs bu borclardan Saatlı Rayon Dövlət Notariat Ofisinin 8İ-3872 nömrəli 18 sentyabr 2024 tarixli icra sənədi ilə bağlı 2500 manat pul məbləğindən Zərərçəkmiş şəxs2 500 manat ödəmişdir. Şəxs bu səbəblə iki dəfə 16 may 2024-cü il tarixli, 3(055)-312/2024 saylı qərarla 10 gün, 8 avqust 2024-cü il tarixli 3(055)-413/2024 saylı qərarla isə 15 gün həbs edilmişdir. Tələbkarla Şəxs arasında yaradılan bu məqsədli ünsiyyət də nəticə verməmişdir. Şəxs maddi vəziyyətinin yaxşı olmamaması səbəbilə borcunu ödəyə bilmədiyini bildirərək, ona 2026-cı ilin yanvar ayınadək vaxt verilməsini xahiş etmiş, lakin tələbkar bununla razı olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi vəziyyətinin yaxşı olmamasına görə icra sənədlərində olan borclarını ödəyə bilməmiş, buna görə də, bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Onun iş nüfuzuna xələl gəldiyindən onunla biznes qurmaq istəyən şəxslər bu hallardan sonra onunla işləməkdən imtina etmişlər, nəticədə o uzun müddətdir işsiz qalmışdır. Hazırki vəziyyətdə icra sənədlərində olan borclarını tələbkarlara ödəmək iqtidarında deyildir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Abşeron Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(012)-2530/2023 saylı icra sənədindən görünür ki, borclu Şəxs 26000 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs1 verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Dövlət Notariat Ofisinin 18 sentyabr 2024-cü il tarixli, 8İ-3872 nömrəli icra qeydindən görünür ki, borclu Şəxs 2500 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs2 verilməlidir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Nağıyev X1 Rayon Məhkəməsinin 22 avqust 2023-ci il tarixli, 2(012)-2530/2023 saylı icra sənədi ilə bağlı 26000 manatı və Saatlı Rayon Dövlət Notariat Ofisinin 8İ-3872 nömrəli 18 sentyabr 2024cü il tarixli icra sənədi ilə bağlı 2000 manatı, cəmi 28000 manat borcunun icra edilməsi üçün icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: xx xxxxx 1976-cı il təvəllüdlü Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 28 avqust 2025-ci il tarixdən saat 12:40 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 8 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar