Məhkəmə qərarları › İş №3(055)-800/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-800/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-800/2023 25.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 25 iyul 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 28 iyun 2023-cü il tarixdə yaşadığı Saatlı şəhəri, O.Rzayev küçəsi, 2 saylı evində gəlini Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 28 iyun 2023-cü il tarixdə yaşadığı Saatlı şəhəri, O.Rzayev küçəsi, 2 saylı evində gəlini Zərərçəkmiş şəxs yaşadığı evin həyətində döymüşdür. Bu səbəbdən də tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Ruqiyyə onun gəlinidir. 28 iyun 2023-cü il tarixdə nəvəsi ağladığı üçün arvadı Səlimə Ruqiyyəyə uşağı sakitləşdirməsini deyərkən Ruqiyyə onun arvadı Səliməyə nalayiq ifadələr işlədərək söyüşlər söymüş və onun saçlarından tutmuşdur. Bu zaman o, tərəfləri sakitləşdirmək üçün onlara tərəf getmiş və Ruqiyyənin qolundan tutaraq kənara itələmişdir. Göstərdiklərinin nəzərə alınaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, İslam onun qaynatasıdır. 28 iyun 2023-cü il tarixdə səhər vaxtlarında qaynanası Səlimə ilə aralarında mübahisə yaranmış, Səlimə onu nalayiq ifadələr işlədərək söymüş və onun saçlarından tutmuşdur. Bu zaman o da, qaynanası Səlimənin saçlarından tutaraq yolmuşdur. Həmin vaxt qaynatası İslam onlara tərəf gəlmiş və onun qolundan tutaraq sıxmışdır. Hazırda Şəxs ilə barışmamış və ondan şikayətçidir. İş materiallarına əlavə olunmuş 07 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 01 iyul 2023-cü il tarixli 184 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər sağ bazunun orta 1/3-də arxa səthdə, sol bazunun aşağı 1/3-də iç səthdə qançırlar, qarnın ön səthində orta xətt üzrə göbək səviyyəsində sıyrıq küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 28 iyun 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 25 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi proses iştirakçılarının izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİİ dərəcəli əlil olmaqla xəstəlikdən əziyyət çəkməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar