Məhkəmə qərarları › İş №3(055)-84/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-84/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-84/2025 31.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X8 oğlunun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. X6 şikayətlə məhkəməyə müraciət edərək barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 izahatında göstərdi ki, barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla razı deyil və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilməsi qanunsuzdur. Belə ki, Saatlı rayonunun Qara Nuru kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 20 ha torpaq sahəsi 99 illik icarə əsasında mərhum atası X5 istifadəsinə verilmişdir. Atası vəfat etdikdən sonra Saatlı rayonu Qara Nuru kənd bələdiyyəsi ilə onun arasında həmin torpaq sahəsinə dair 77 illik icraə müqaviləsi bağlanmışdır. 2007-ci ildə sözügedən torpaq sahəsində tərəfindən yaşıllıq məqsədilə ağaclar əkilmişdir. 2023-cü ilin əvvəllərində həmin torpaq sahəsində yerləşən ağacların bir neçəsi naməlum şəxslər tərəfindən kəsilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşalrı tərəfindən araşdırma aparılmışdır. Həmin dövrdə onunla söhbət zamanı o, həmin ağacları özünün əkdiyini, lakin kim tərəfindən kəsilməsindən məlumatının olmadığını bildirmişdir. Daha sonra ekologiya əməkdaşları çıxıb getmişlər. Yaxın vaxtlarda Saatlı rayonu, Qara Nuru kənd tam orta məktəbin məsul şəxsləri tərəfindən 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında əmək haqqına tutma yönəldiyi məlum olmuşdur. Bundan sonra 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə müraciət etmiş və məlum olmuşdur ki, 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Halbuki onun nə inzibati xəta haqqında 15 mart 2023-cü il tarixli protokoldan, nə də 29 mart 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərardan məlumatı olmuş, yalnız əmək haqqına tutma yönəldikdən sonra bundan xəbəri olmuşdur. Əlavə olaraq bildirir ki, işə baxılmasından da məlumatı olmamış, inzibati tənbeh vermə haqqında qərar ona təqdim edilməmiş, inzibati tənbeh vermə haqqında qərarın verilməsi üçün əsas olmuş 15 mart 2023-cü il tarixli protokol isə ümumiyyətlə mövcud deyil. Bundan başqa, guya qəbul olunmuş qərarın onun qohum Elvinə verildiyi qeyd edilsə də, onun Elvin adlı nə yaxın, nə də ki uzaq qohumu vardır. Onun Elvin adlı qohumunun olmaması barədə arayış da təqdim etmişdir. Bir daha bildirir ki, kəsilmiş ağacları o əksə də, həmin ağacları o kəsməmiş, kimin kəsməsindən də məlumatı yoxdur.Çünki ərazi çox böyük olmaqla hasarlanmadığına görə nəzarət də mümkün deyil. Ona görə də göstərdiklərini nəzərə alınıb barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, X1 barəsində 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən Yaşar Mehtiyev 2000 manat cərimə edilmişdir. Qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətçi, həmçinin inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini də ötürmüşdür. Odur ki, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 tərəfindən tərtib edilmiş 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli, 77660 saylı aktından görünür ki, Saatlı rayonu, Qara Nuru kəndi ərazisində iki ədəd söyüd və bir ədəd çinar ağacının kəsilməsi müəyyən edilmişdir. İşdə olan cədvəldən görünür ki, iki ədəd söyüd və bir ədəd çinar ağacının kəsilməsi nəticəsində təbiətə 580 manat ziyan dəymişdir. İşdə olan Saatlı RİH başçısının Qara Nuru kənd İƏN-si tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli, 114 saylı arayışdan görünür ki, X1 Qara Nuru kəndində Elvin adlı qohumu yoxdur və yaşamır. Məhkəmə şikayətçi X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Həmin Qanunun 1.0.12-ci maddəsinə görə yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbirdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X1 hazırki inzibati xətanın törədilməsində təqsirli olmasında mövcud olan şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, Saatlı rayonu Qara Nuru kənd bələdiyyəsinin X3 icarəyə verilmiş ehtiyat fond torpağında yerləşən iki ədəd söyüd və bir ədəd çinar ağacları “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq kəsilib götürülmüşdür. Göründüyü kimi, bu, işin mübahisəsiz halıdır. Lakin həmin ağacların məhz X6 tərəfindən kəsilməsi barədə səlahiyyətli orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Halbuki inzibati xətalar qanunvericiliyinin məqsədləri baxımından sübutetmə yükü nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də ki məhkəmənin üzərinə düşür. Bu vəzifə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Səlahiyyətli orqanın əsaslandığı xx.xx.2023-cü il tarixli, 77660 saylı akt isə ağacların kəsilməsi faktını təsdiq etsə də,Yaşar Mehtiyevin təqsirli olmasına dair mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 111.1-ci madəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən işə baxılarkən: 112.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur; 112.1.2. inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir; 112.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; 112.1.4. iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir; 112.1.5. işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur; 112.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X6 barəsində İXM-nin 353.2-ci maddəsi ilə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda 15 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola istinad edilsə də, həmin protokol səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, belə bir protokolun mövcud olub-olmaması bəlli olmamışdır. Halbuki inzibati xətanın mövcudluğu ilə razılaşmayan X1 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən səlahiyyətli orqan onun iştirakını təmin etməyərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün mülahizə və etirazlarını bildirməsinin qarşısını almış və nəticədə birtərəfli araşdırma apararaq Yaşar Mehtiyevin inzibati qaydada cərimə olunmasına dair qərar qəbul etmişdir.Nəticə etibarilə şəxsin barəsində aparılan inzibati xəta haqqında icraat üzrə müdafiə hüquqlarının həyata keçirilməsi mümkünsüz olmuş, öz sübutlarını təqdim edə bilməmiş və bununla da onun hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə baxışı zamanı şikayətçi X1 inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürdüyünü göstərmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin qeyd olunan dəlilinə münasibtdə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən hazırki işlə əlaqədar bütün qərar və bildirişlərin göndərilməsinə dair sifarişli poçt xəbərnaməsində “qohumu Elvinə” verildi qeyd olunsa da, şikayətçi Yaşar Mehtiyev inzibati xəta ilə əlaqədar səlahiyyətli orqan tərəfindən ona hər hansı məktub təqdim edilmədiyini və Elvin adlı qohumunun olmadığını göstərmiş, Saatlı RİH başçısının Qara Nuru kənd İƏDN-si tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli, 114 saylı arayışla X1 Qara Nuru kəndində Elvin adlı qohumunun olmadığı öz təsdiqini tapmışdır. Göründüyü kimi, araşdırma zamanı səlahiyyətli orqan tərəfindən hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarın şikayətçiyə təqdim edilməməsi səbəbindən Yaşar Mehtiyevin həmin inzibati xəta haqqında iş üzrə qərardan qərar icraya yönəldikdən sonra məlumat alıb şikayət verdiyi müəyyən edilmişdir. Belə olan halda şikayətçi tərəfindən İXM-nin130.1-ci maddəsi ilə müəyyən edilmiş şikayət vermə müddəti ötürülməmiş hesab edilir və şikayət vermə müddəti ötürülmədiyinə görə müddətin bərpasına dair vəsatət verilməsinə də zərurət yoxdur. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Belə olan halda, məhkəmə hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından və iş üçün əhəmiyyətli olan hallar sübuta yetmədiyindən, həmin inzibati xətanın törədilməsində X6 inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında işüzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək və qeyd olunan qanunvericilik aktlarına əsaslanaraq hesab edir ki, şikayət təmin olunmaqla X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar